Britaniya mətbuatı: Nə üçün Ankara və Lahor Avropanı Brüssel və Paris qədər yandırmır?

Will Gore Britaniyada kifayət qədər tanınan jurnalistdir. O, “The Independent” və “Evening Standard” qəzetlərinin baş redaktor müavinidir. Gore həftədə bir dəfə çıxan sütununda media etikası barədə yazır.
Məhz buna görə də onun “The Independent” qəzetində dərc olunmuş son məqaləsində cavab axtardığı sual təəccüblü səslənmir.
“Nə üçün Avropanı Ankara və Lahor, Brüssel və Paris qədər yandırmır?”
Will Gore yazır ki, ötən həftə ona hiddətlənmiş oxucudan bir zəng gəlib. Zəng edən soruşurmuş ki, nə üçün Brüsseldə baş vermiş "terror aktlarına" bu qədər yazı həsr edən media, bundan bir həftə əvvəl Ankara və İstanbulda törədilmiş aktlardan dodaqucu danışır.
Gore yazır ki, bu zəngi edən şəxs "terrora" məruz qalmış iki ölkəyə medianın belə fərqli yanaşması barədə sual verən yeganə şikayətçi deyil.
Məqalədə deyilir ki, belə sualları soruşmayanlar da var. Bunlardan bəziləri fərqli yanaşmanın kökündə irqçiliyin dayandığına inanırlar.
“Yəni biz, ağdərili avropalıları Avropanın sərhədlərindən kənarda olan qarayanız insanlardan daha yüksək qiymətləndiririk – yazır Gore, - Onların fikrincə dünən Lahorda baş vermis partlayışa olan münasibət məhz bu mülahizənin doğruluğunu isbat edir”.
Şüurlu və qeyri-şüurlu irqçilik?
“The İndependent” qəzetinin redaktor müavini bu fikirdədir ki, başqa medialardan fərqli olaraq onun qəzeti Türkiyədə baş vermiş "terror hadisələrinə" laqeyd qalmayıb.
Məsələn, martın 13-də Ankarada baş vermiş avtomobil partlayışından sonra “The İndependent” bu "terror hücumu" barədə xəbər və təhlil xarakterli yazılar verib.
“Amma bununla belə, biz Brüsseldə baş vermis hava limanı və metro partlayışılarını daha geniş işıqlandırmışıq” – yazır Gore.
Jurnalist bunu onunla izah etməyə çalışır ki, Belçika paytaxtı Avropanın içində olduğundan burada praktik məqsədlər də rol oynayıb. Məsələn, adamları maraqlandırırdı ki, Brüsselə necə getmək olar, yollar necədir və sair.
Gore etiraf edir ki, Belçikada baş vermiş hadisələrin geniş işıqlandırılması bu ölkənin adamları arasında yaşanmış sarsıntının dərəcəsindən asılı olub.
“Lakin burada şüurlu və ya qeyri-şüurlu bir irqçilik gizlənməyib ki?...Media avrosentrik bir gündəliyə malik deyildirmi?..” - deyə sual edir jurnalist.
Yaxınlıqdakı təhlükə
“Bu suallara müsbət cavab vermək işin sadə tərəfidir, - yazır Gore, - Burada belə bir fakt unudulur ki, britaniyalıların əksəriyyəti Brüsseldəki hücumun xəbərini alanda, dərhal baş verən müqayisə Ankara ilə yox, Londonla aparılır. Belçika paytaxtı bir çox xüsusiyyətlərinə görə Londona bənzəyir. O, bir çox britaniyalının səfər etdiyi şəhərdir. Qatarla ikicə saatlıq yoldur. Burada Avropa Komissiyası yerləşir… Bura münaqişəli ölkələrlə həmsərhəd deyil. Qısası, bu bizim tanıyıb-bildiyimiz bir yerdir”.
Jurnalist izah etməyə çalışır ki, Brüsselə Ankaradan daha artıq diqqət verilməsi irqçilik və ya dinlə yox, qorxu ilə bağlıdır.
“Bu ölkədəki insanlar, əlbəttə Türkiyədə (və ya Pakistanda və ya Malidə və ya Burkina Fasoda) baş verən "terror hadisələrindən" dəhşətə gəlirlər, amma və lakin onları daha çox yaxınlıqlarında baş verən və bir gün burada da baş verə biləcək hücumlar qorxudur” – yazır Gore.
Onun fikrincə Fransa və Belçika hücumlarının ardınca Britaniyada ifadə olunan həmrəylik daha çox yaxınların itirilməsinə verilən təskinlik kimidir.
Ankara da ağladır, Lahor da, amma…
“The İndependent”in redaktor müavini sual edir ki, elə isə medianın belə yanaşmasını dəyişmək düzgün olmazdımı?
“Lakin Belçika paytaxtında baş vermiş üçlü intiharçı partlayış, Türkiyədə baş vermiş terror aktlarından dahamı təəccüblüdür? Brüssel hücumu daha dəhşətli yox, daha ölümcül yox, daha müəmmalı yox, məhz daha gözlənilməz və daha proqnozlaşdırılmaz deyilmi? Əlbəttə belədir” – yazır Gore.
O bu qənaətdədir ki, Brüsseldə baş verən "terror aktları" britaniyalıların şəxsi təhlükəsizliyi barədə, Türkiyədə, İraqda və ya Nigeriya və Malidə baş verən aktlardan daha çox sual doğurur.
Redaktor müavini bu nəticəyə gəlir ki, məhz bu səbəblərə görə Brüsseldə baş verən hadisələrin Britaniya mediasında daha geniş işıqlandırılmasının praktik əhəmiyyəti var.
Jurnalistin fikrincə, “məhz bu səbəbdən də kimlərinsə Brüssel və Paris barədə Ankaradan daha çox yazması, onların irqçi olması və ya Ankara və Lahorda həlak olanlar üçün kədərlənməməsi demək deyildir”.
Bethoven Motsartı geridə qoyub
“The Guardian” yazır ki, Bethoven ilk dəfə olaraq Britaniyada yayımlanan Classic FM radiosunun “Şöhrət Salonu” reytinqinin tərtib etdiyi 300-lükdə Motsartı geridə buraxıb.

Şəklin mənbəyi, Getty
300 musiqi əsərinin sırasına Bethovenin 19, Motsartın isə 16 əsəri düşüb.
Bu reytinq dinləyici səsverməsinin nəticələrinə uyğun olaraq tərtib edilir.
“The Guardian” yazır ki, bundan əvvəl keçirilmiş son iki səsvermədə iki bəstəkar birlikdə dünyanın ən güclü maestrosu adını qazanıblar.
Səbəb kinodur
Classic FM-in aparıcısı John Suchet “The Guardian” qəzetinə deyib ki, radionun 1996-cı ildən keçirdiyi səsvermələrdə Motsart həmişə Bethovendən irəlidə olub.
Aparıcı Beethovenin indi birdən birə irəli keçməsini onun əsərlərinin bəzi məşhur filmlərdə səslənməsi ilə əlaqələndirir.
Məsələn 7-ci Simfoniya Oscar mükafatlı “Əlahəzrətin nitqi” (The King’s Speech) filmində səslənib.
Lakin John Suchet bunu da əlavə edir ki, “filmlərsiz də Bethovenin əsərlərini bütün şəhərlərin bütün küçələrində tanıyırlar”.
“The Guardian” yazır ki, Classic FM radiosunun son 21 ildə keçirdiyi səsvermədə bu il 170 min dinləyici səs verib. Bu, radiostansiyanın tarixində rekord sayda səs vermiş iştirakçı deməkdir.
Classic FM-in musiqi paradına ilk dəfə daxil olan musiqiləri isə yaponiyalı bəstəkarlar Yuzo Koshiro və Ryuji Iuchi “Shenmue” adlı video oyunu üçün yazıblar.
“Ulduz müharibələri”( Star Wars) və “Oyanan qüvvə” (The Force Awakens) kimi filmlər məşhur John Williams-ın tematik və ya leytmotiv musiqisini 38 pillə qaldıraraq 44-cü edib.
Lakin nə Bethoven, nə də Motsart bu cədvəldə birinci deyillər.
Birincilik 1996-cı ildən bəri 7 dəfə “Calissic FM çempionu” olmuş musiqiyə - Ralph Vaughan Williams-ın “Torağay enir” (The Lark Ascending) əsərinə məxsusdur.
Digər yerlər aşağıdakı kimidir:
Ralph Vaughan Williams – “Torağay enir” (The Lark Ascending) Raxmaninov – Piano üçün Konsert No 2 Ralph Vaughan Williams – Fantaziya Elqar - Eniqma Variasiyaları Bethoven - Piano üçün Konsert No 5 Allegri – Miserere Motsart – Orkestrlə klarnet üçün Konsert Bethoven – 6-cı Simfoniya Bethoven – 9-cu Simfoniya Elqar – Violonçel üçün Konsert
iPhone-a gic-gic suallar verəndə
“The Daily Telegraph” qəzeti yazır ki, sıfrı sıfra bölmək ən asan riyazi misallardan biri olsa da, bu sualı Apple iPhone-un SİRİ aplikasiyasına verəndə, çox əndrəbadi bir cavab almaq olarmış.

Şəklin mənbəyi, Getty
Əslində bu sualı verənlər olub və cavab elə səslənib ki, bu günlərdə bütün sosial mediaları, ən çox da Twitteri dolaşır.
Verdikləri suallara bu proqramdan qəribə cavabları iPhone sahibləri əvvəllər də alıblar.
Lakin bunların heç biri 0:0 sualının cavabı qədər mükəmməl olmayıb.
Twitter istifadəçilərindən biri yazır ki, ömründə heç vaxt heç nəyə bu qədər gülməyib.
Emanuel Matos adlı başqa bir istifadəçi isə yazır ki, “SİRİ-dən “sıfır böl sıfır neçə edir?” sualını soruşdum, cavabı ilə bütün həyatımı alt-üst etdi”.
“The Telegraph” SİRİ-in cavabını olduğu kimi dərc edib: “Təsəvvür et ki, sənin sıfır piroqun var və onu sıfır dostun arasında bərabər bölməlisən. Hər dosta neçə piroq düşür? Gördün? Mənasız bir şey alınır. Üstəlik Piroq Divi də kədərlidir. Axı ortalıqda piroq yoxdur. Sən də kədərlisən. Çünki sənin də dostun yoxdur”.




