Kimdir onlar – uzunömürlü əvəzedilməzlər?

Şəklin mənbəyi, Getty
30 ildir ki, ali postu tərk etməyən Yoveri Museveni Uqanda prezident seçkilərinin qalibi elan edilib.
Seçkidə müxalifətin 7 namizədi də iştirak edib. 71 yaşlı Museveni 1986-cı ildə baş vermiş beş illik vətəndaş müharibəsindən bu yana prezident postunu tutub. O Afrikanın ən “uzunömürlü” liderlərindəndir.
Onun sonuncu prezidentlik müddəti 2006-cı ildə başa çatmalı idi, lakin o 2005-ci ildə konstitusiyadakı məhdudiyyət maddəsini ləğv etməyə nail oldu.
Amma Museveni dünyada ən görkəmli “uzunömürlü” siyasətçi deyil. BBC-nin Rus xidməti belə liderlərdən bəziləri ilə maraqlanıb.
Başıtaclı “uzunömürlülər”

Şəklin mənbəyi, Reuters
Kimlər hakimiyyətə seçkilərlə, kimlər də çevrilişlərlə gəlir. Amma ən “uzunömürlü” liderlər hakimiyyəti valideynlərindən miras almış monarxlardır.

Şəklin mənbəyi, AFP
Ən çox hökmdarlıq etmiş monarx taxt-taca 1946-cı ildə sahiblənmiş 88 yaşlı Tayland kralı Bhumibol Adulyadeydir.

Şəklin mənbəyi, AP
Reytinqdə ikinci yeri Böyük Britaniya kraliçası və Britaniya Birliyi ölkələrinin lideri ikinci Elizabeth tutur. O, 63 ildir ki, taxt-tac sahibidir.
Liderlər üçlüyünə 68 yaşlı Bruney sultanı Həsənəl Bolkiyah da daxildir. O 1967-ci ildən sultandır.
Biz seçirik, yoxsa bizi seçirlər?
Lakin prezidentlik təsisatına və ya hər hansı başqa seçkili sistemə malik respublikalarda da “əzəzedilməz” prezidentlər az deyil.

Şəklin mənbəyi, AFP
Üst-üstə ən uzun müddətdə, yəni tam 39 il Kamerun prezidenti Pol Biya hakimiyyətdə olub.
O hakimiyyətə 1975-ci ildə gəlib. Hakimiyyətinin ilk 7 ilində baş nazirlik edib, sonra isə prezident “seçilib”. 82 yaşlı Biya 39 ildir ki, dövlət rəhbəridir və “yoruldum” nədir bilmir.

Şəklin mənbəyi, AP
İkinci yeri daha bir Afrika dövlətinin rəhbəri – Anqola prezidenti Joze Eduardu duş Santuş tutur. O 73 illik ömrünün 36 ilini dövlət rəhbərliyinə həsr edib.

Şəklin mənbəyi, Reuters
Robert Muqabe Zimbabveyə 1987-ci ildən prezidentlik edir, lakin o dünya prezidentlərinin siyahısında ən yaşlısıdır.




