İD uşaq döyüşçülərin sayını artırır

Şəklin mənbəyi, AP
BBC müxbiri James Longman yazır ki, ABŞ Georgia Dövlət Universitetinin hesabatına görə İslam Dövləti adlı təşkilatın sıralarında ötən il ərzində həlak olmuş döyüşçü uşaqların sayı, ondan bir il əvvəlkindən iki dəfə artıq olub.
İD-in təbliğat materiallarından məlum olur ki, son 13 ay ərzində 8-18 yaş arasında 89 uşaq müxtəlif döyüş meydanlarında öldürülüb.
Tədqiqatçılar həmçinin bildirirlər ki, ötən il İD-in döyüşlərində 2014-cü ildə olduğundan üç dəfə artıq uşaq iştirak edib.
ABŞ hərbiyyəsinin West Pointda yerləşən Terrorla Mübarizə Mərkəzinin dərc etdiyi məlumata görə 2015-ci ilin yanvarından 2016-cı ilin yanvarınadək uşaqların 39 faizi intihar partlayışlarında, 33 faizi isə döyüş meydanlarında həlak olub.
Hesabatın müəlliflərindən Charlie Winter deyib ki, əslində ölən döyüşçü uşaqların sayı daha çoxdur.
“Bu yalnız İD-in ötən il üçün açıqladığı rəqəmlərdir” – deyib Winter.
Milli mənsubiyyət
İD həlak olmuş uşaqların əsl adlarını və tərcümeyi-hallarını açıqlamasa da, tədqiqatçılar onların yaşlarını və hansı ölkəyə mənsub olduqlarını öyrənə bilib.
Onların fikrincə, həlak olanların 60 faizi 12-16 yaşlarında oğlanlardır. 8-12 yaş arasında olanlar 6 faiz təşkil edir.
Oğlan uşaqlarının 18 faizi sağ çıxmaq variantı olmayan basqınlarda həlak olub. Bu uşaqların bir çoxu düşmən üzərinə açıqda dayanaraq və özləri öldürülənədək atəş açıblar.
İntiharçı bomba partlayışı törədənlərdən birinin azyaşlı olduğu bildirilir. 8-12 yaşları arasında olan bu oğlan uşağı Hələbdə qiyamçı hədəflərdən birinə basqında həlak olub.
İD bu oğlanın atası ilə vidalaşrkən çəkilən şəklini yayıb.
Hesabatda həmçinin İD-in nəzarətində olan İraq və Suriya arasında hərəkət edən oğlan uşaqlarının sayına müəyyən aydınlıq gətirilib. Ölüm hadisələrinin yarıdan çoxu İraq ərazisində baş verib, lakin ölənlərin əksəriyyəti suriyalılar olub.
Bu ondan xəbər verir ki, İD uşaqları Suriyada təlimləndirərək İraqa keçirmək iqtidarında olub.
Öldürülən başqa uşaqlar Yəmən, Səudiyyə Ərəbistanı, Tunis və Liviyanı təmsil edirlər. Onların kiçik bir qismı Birləşmiş Krallıqdan, Fransa, Avstraliya və Nigeriyadan olub.
Hesabatdan bəlli olur ki, İD uşaqlardan xüsusi əməliyyatlardan daha çox böyüklərin iştırak etdikləri əməliyyatlarda istifadə edir.
Winter deyir ki, başqa münaqişələrdə döyüşçü uşaqlardan ən son variant kimi istifadə edilir, yəni onlar öldürülmüş böyüklərin sıralarda boş qalmış yerləri doldururlar. Bəzən də uşaqlardan böyüklər tərəfindən icrası mümkün olmayan əməliyyatlarda istifadə olunur. Amma İD uşaqlar və böyüklərlə eyni şəkildə rəftar edir.
Cənab Winter bildirib ki, İD-in səfərbər etdiyi uşaqların sayı narahatlıq yaradır.
Tədqiqatçının fikrincə, münaqişədən sonrakı dövrdə bu uşaqların tərxis edilib normal həyata qaytarılması barədə indidən düşünülməlidir.




