İndoneziya pornoya görə Tumblr saytını qadağan edib

Şəklin mənbəyi, Getty
İndoneziya blog platforması olan Tumblr-in pornoqrafik materiallar yaydığını bildirərək qadağan edib.
İndoneziya İnformasiya Nazirliyində e-biznes direktoru olan Azhar Hasyim BBC-ə bildirib ki, qərar New York-da yerləşən şirkətlə məsləhətləşmədən verilib.
“Biz ilk növbədə saytı qadağan etməli, sonra onlara xəbər verməliyik,” cənab Hasyim deyib.
Bu ayın əvvəli İndoneziya, sosial media saytlarından eynicinsli emojiləri yığışdırmağı tələb edib.
Facebook və digər sosial şəbəkələrdən fəqrli olaraq Tumblr saytda pornoqrafik məzmunlu materialların paylaşımına icazə verir.
İndoneziya mediasının yaydığı məlumata görə, son vaxtlar ərzində təxminən 500 sayt bağlanıb.
Bu ayın əvvəlində İndoneziyanın ən böyük internet serveri, yaydığı məzmundan narahat olduğunu bildirərək Netflix-i bloklayıb.
Keçən ilin may ayında isə Vimeo video saytı da pornoqrafik məzmun yaymaqda təqsirləndirilərək bloklanıb.
İndoneziya keçmişdə Twitter kimi sosial media şirkətlərindən pornoqrafik məzmun üçün filter qoymağı tələb edib.
Tələbləri yerinə yetirməyən şirkətlər İndoneziya qanunları ilə ittiham edilə bilər.
Tumblr-in məsələyə münasibəti üçün müraciət olunub.




