İndoneziya geylərə aid emojilərin ləğv olunmasını istəyir

Şəklin mənbəyi, WhatsApp
Xəbərlərə görə, İndoneziya ölkədəki sosial şəbəkə saytlarında eynicinsli cütləri əks etdirən emojilərin ləğv olunmasını istəyir.
İndoneziyada populyar sayılan Line sms tətbiqi istifadəçilərin çoxsaylı şikayətlərini əsas gətirərək LGBT mövzusunda bütün emojiləri artıq ləğv edib.
İndoneziya höküməti indi Facebook və WhatsApp kimi iri oyunçulardan eyni addımı atmağı və ölkə daxilində həmin emojiləri istifadədən yığışdırmağı xahiş edib, ölkənin Republika qəzeti xəbər verir.
"Heç bir sosial media şəbəkəsi LGBT mövzusundan istifadə etməməlidir. Bizim öz qaydalarımız, dini dəyərlərimiz və adətimiz var. Onlara hörmət edilməlidir”, İnformasiya Nazirliyinin sözçüsü İsmail Cavidu deyib.
İndoneziyada homoseksuallıq leqal sayılır, lakin müsəlmanların üstünlük təşkil etdiyi İndoneziyada seks mövzusunda açıq müzakirələr alqışlanmır.
İsmail Cavidu qeyd olunmuş emojiləri ləğv etməyən şirkətlərə qarşı hansı tədbirlərin görüləcəyini dəqiqləşdirməyib.
Lakin insan hüquqları qruplarından birinin qeyd etdiyinə görə, hər bir belə senzura səciyyəli hərəkət dözümsüzlüyə rəvac verir.
“Bu, cəmiyyətə, müxtəlif təşkilatlara və fərdlərə LGBT-ə qarşı olmaq siqnalını verir”, Setara institutunun tədqiqatçı direktoru İsmail Hasani deyib. "Bizim ölkəmizdə ictimai rəy əsasən anti-LGBT ruhludur, lakin təəssüf ki, hökümət bu rəyin təsiri altına düşüb.”
Yanvar ayında İndoneziyanın Təhsil naziri Muhammad Nasir gey, lesbian, biseksual və transgender şəxslərin universitet kampuslarında davranışına dair verdiyi göstərişə əsasən, həmin şəxslər “hisslərini ictimai yerlərdə açıq nümayiş etdikləri təqdirdə”, kampus ərazisindən xaric edilməlidirlər.




