Türkiyə: qayığın batması "24 miqrantın ölümünə" səbəb olub

Şəklin mənbəyi, AP
Yunanıstan istiqamətində hərəkət edən qayıqlarının Türkiyə yaxınlığında batması nəticəsində azı 24 miqrant həyatını itirib, Türkiyə mətbuatı xəbər verir.
Onların olduğu qayıq Balikesir əyalətinin ərazisində batıb.
Bu il 5 fevrala qədər Avropaya keçmək istəyən ən azı 374 nəfər həyatını itirib, Beynəlxalq Miqrant Təşkilatı (İOM) bildirib.
Onlardan çoxu Yunanıstana getmək istəyində olub.
Türkiyədən Yunanıstana gedən dəniz yolu 2015-ci ildə Avropaya keçmək istəyən miqrantların ən çox istifadə etdiyi yoldur.
Hürriyet qəzeti deyib ki, qayıq sahilə təxminən 3 km məsafədə çevrilib.
Hadisə Almaniya Kansleri Angela Merkelin Avropaya gedən miqrantların sayının azaldılma yollarını müzakirə etmək üçün Türkiyəyə gəldiyi günə təsadüf edir.
Görüşdən sonra Türkiyənin baş naziri Ahmet Davutoğlu deyib ki, Almaniya və Türkiyə miqrant axını məsələsini həll etmək üçün Suriya və Egey dənizində NATO resurslarından istifadə edəcək.




