Fransanın Kaleyə "əsgər yerləşdirməsi" tələb edilir

Son həftələrdə Kaledə miqrantların sayı 2500 nəfər artıb

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Son həftələrdə Kaledə miqrantların sayı 2500 nəfər artıb

Fransa hakimiyyəti təhlükəsizliyi təmin etmək məqsədilə Kale limanına əsgər yerləşdirməlidir, miqrantların qəfil hücumundan sonra Böyük Britaniyanın yük daşımaları rəhbəri tələb edib.

Şimali Fransada yerləşən bu liman şənbə günü bağlanıb.

Cümə axşamı gecəsi təxminən 50 miqrantın Britaniya bərəsinə minməyə cəhd etməsi daşıma xidmətinin işini pozub.

Hadisə limanda miqrantların xeyrinə etiraz aksiyası zamanı baş verib.

Yük Daşımaları Assosiasiyasının icraçı direktoru Richard Burnett hökümətləri vəziyyət daha da pisləşmədən "qəti addım" atmağa çağırıb.

Miqrantlar yük daşıyan avtomobillərə minməyə çalışıb

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Miqrantlar yük daşıyan avtomobillərə minməyə çalışıb

"Düşərgədə sürücülərə qarşı zorakı hücumların sayı artıb, indi düşünürük ki, artıq bəsdir! Hərəkət lazımdır."

Mühafizəkarların parlamentdəki deputatı Damian Collins BBC-ə deyib ki, əgər belə çağırış varsa, o zaman Fransa höküməti buna əməl etməlidir.

Bazar günü P&O bərə şirkəti tvitləyib ki, hadisə günü göstərdikləri xidmət təxminən iki saatdan sonra bərpa edilib.

Kaledə keçirilən nümayişdə 2 mindən çox miqrant iştirak edib.

Onlardan bəziləri əllərində "qaçqınlar buraya xoş gəlib" yazılan şüarlar tutub. Nümayişə Britaniyadan da qaçqınlar qatılıb.

Minlərlə miqrant şənbə günü Kaledə nümayiş keçirib

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Minlərlə miqrant şənbə günü Kaledə nümayiş keçirib

Kaledə qeyri-rəsmi "Cəngəllik" adını almış düşərgədə minlərlə miqrant yaşayır.

Onların sayı son həftələrdə 2500-dək artıb, Sərhədsiz Həkimlər könüllü qrupu bildirib.

Miqrantlar buraya əsasən Suriya, Əfqanıstan və Eritreyadan gəlib.