Britaniya mətbuatı: Səudiyyə dözənə Azərbaycan dözməz…

Səudiyyə Ərəbistanı hazırda benzin üçün verilən subsidiyaların dayandırılmasına çalışır

Şəklin mənbəyi,

Şəklin alt yazısı, Səudiyyə Ərəbistanı hazırda benzin üçün verilən subsidiyaların dayandırılmasına çalışır

“The Daily Telegraph” qəzeti yazır ki, neft zəngini Səudiyyə Ərəbistanını qarşıdan gələn illərdə ağır qənaətcillik rejimi gözləyir.

Beynəlxalq Valyuta Fondu (BVF) xəbərdarlıq edib ki, yeni zəmanənin ən böyük neft böhranına görə krallıq özünün sosial xərclərinə kəskin və ciddi ixtisarlar etməlidir.

Qəzet yazır ki, dünyanın ən böyük neft hasilatçısı öz iqtisadiyyatını neftdən tamamilə aralamaq siyasəti yeritməlidir. Hazırda ölkə gəlirlərinin 80 faizindən çoxunu neftdən gələn pullar təşkil edir.

Məqalədə deyilir ki, neftin son 18 ayda 70 faiz ucuzlaşdığı bir vaxtda Səudiyyə artıq özünün ən böyük qənaət proqramını açıqlamağa məcburdur.

Beynəlxalq Valyuta Fondunun tövsiyələrində deyilir ki, Səudiyyə özünün səxavətli neft subsudiyalarını radikal şəkildə qısmalıdır. Başqa sözlərlə, bu əhaliyə verilən güzəştlərin də kəskin şəkildə məhdudlaşdırılmasını nəzarədə tutur.

BVF bildirir ki, bu, son dərəcə çətin prosesdir, lakin hökumət bu addımları atmağa qətiyyətli görünür.

Fond bunu da bəyan edib ki, dünyanın ən zəif neft ölkələri neft qiymətlərinin düşməsindən yaranan təzyiq altında əzilə bilər.

4 milyardlıq “xilas paketi”

BVF rəsmiləri Azərbaycana 4 milyard dollar beynəlxalq xilas paketinin təqdim olunmasını müzakirə etmək üçün Bakıda olublar
Şəklin alt yazısı, BVF rəsmiləri Azərbaycana 4 milyard dollar beynəlxalq xilas paketinin təqdim olunmasını müzakirə etmək üçün Bakıda olublar

Məqalədə bildirilir ki, BVF rəsmiləri Azərbaycana 4 milyard dollar beynəlxalq xilas paketinin təqdim olunması məsələsini müzakirə etmək üçün bu həftə Bakıda olublar.

Qəzet yazır ki, 1986-cı ildə baş vermis neft qiymətləri böhranı zamanı 25 neft istehsalçısı olan ölkədən 17-si öz borcları ilə əlaqədar defolt vəziyyətinə düşmüşdü.

“The Telegraph” qeyd edir ki, neft istehsal edən ölkələrin borcları Ümumi Daxili Məhsulda 40 faizədək sıçrayışlı artıma məruz qalıb.

BFV-in hesablamasına görə, Səudiyyənin bu il üçün büdcə kəsiri 140 milyard dollara çata bilər, halbuki Riyadın öz hesablamalarına görə bu, 98 milyard dollar olmalı idi.

Səudiyyə rialı və Azərbaycan manatı

“The Telegraph” xatırladır ki, Azərbaycan dekabr ayında milli valyutasını sərbəst məzənnəyə buraxmağa məcbur olub.

Bunun əksinə olaraq, Səudiyyə rialı məzənnədə saxlamaq üçün ehtiyat fondunda olan vəsaitləri “yandırmaqla” məşğuldur. Buna baxmayaraq Beynəlxalq Valyuta Fondu Səudiyyəyə rialın məzənnəsini sərbəst buraxmamağı tövsiyə edib.

Fond bildirir ki, Səudiyyənin nə belə bir addıma ehtiyacı var, nə də bu, onun vəziyyətinə uyğundur. Ölkə bunun əvəzində xərcləri rekord səviyyədə azaltmaq yolunu tutub.

BVF-in nəzərincə, Səudiyyə valyutasının dollara bağlılığı onun iqtisadi strukturuna tam uyğundur.

Qəzet yazır ki, Ərəb baharı inqilabından ötən 5 ildən sonra milli valyutanın ucuzlaşması Səudiyyənin bütün sosial düzənini təsirləndirə bilərdi.

Səudiyyə Ərəbistanı hazırda əhaliyə su və elektrik üçün edilən qiymət güzəştlərini qısmağa hazırlaşır, benzin üçün verilən subsidiyaların dayandırılması nəzərədə tutulur.

BVF bu qənaətdədir ki, əhali və cəmiyyət üçün nə qədər ağrılı olsa da, bu dəyişikliklər mütləq həyata keçirilməlidir.

Bununla belə, BVF bu qənaətdədir ki, Səudyyə Ərəbistanı özünün ehtiyat maliyyə fondlarının həcminə görə qalan bütün neft ölkələrindən əlverişli vəziyyətdədir. Çünki bu fondlar həqiqətən də nəhəngdir.

İŞİD başçılarını “bir-bir dənləyən” snayper kimdir?

Sirt şəhərində son bir neçə gün ərzində üç cihad başçısı sirli snayper tərəfindən vurulub

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Sirt şəhərində son bir neçə gün ərzində üç cihad başçısı sirli snayper tərəfindən vurulub

Polkovnik Qəddafinin vətəni Sirt şəhərində, özünü İslam Dövləti adlandıran (İŞİD) təşkilatın yeni “xilafətində” son bir neçə gün ərzində üç cihad başçısı sirli snayper tərəfindən vurulub.

“The Daily Mail” yazır ki, şəhər əhli söhbətin bir və ya bir neçə snayperdən getdiyini dəqiq bilmir. Bəziləri düşünürlər ki, bu, sadəcə olaraq şayiələrdən doğmuş yeni əfsanədir.

Lakin İD-in Liviyanın Sirt şəhərindəki yerli komandanları “bir-birinin ardınca dənləndikcə” cihadçı təşkilatın əməlli-başlı qorxuya düşdüyü xəbər verilir.

Son bir-iki həftə ərzində 3 İŞİD komandiri uzaq məsafədən snayper atəşil ilə öldürülüb.

Sirt nişançısı

Bəzi məlumatlara görə, söhbət keçmişdə polkovnik Qəddafiyə qarşı döyüşmüş bir nəfərdən gedir və o, İŞİD-in şəhərdə törətdiyi qəddarlıqların qisasını alır.

Qəzet yazır ki, təhlükənin haradan gəldiyini bilməyən İŞİD şəhər boyunca nizamsız həbslər və edamlar həyata keçirir.

Sosial mediada dolaşan xəbərlərə görə, “Sirt nişançısı”nın son hədəfi cənubi Liviya şəhəri Obaridə öldürülmüş İŞİD komandiri Abdullah Həməd əl-Ənsari olub. O yanvarın 23-də şəhər mərkəzindəki məsçiddən çıxarkən bircə güllə ilə vurulub.

“The Daily Mail” yazır ki, mərhum polkovnik Müəmmər Qəddafinin vətəni Sirt şəhəri İslam Dövləti adlandırılan təşkilat tərəfindən ötən yay zəbt edilib.

Liviya kəşfiyyatının məlumatına görə indi bu şəhərdə 2 minədək cihadçı var.

“Moskva” ləqəbli snayper

Liman şəhərinin yeni ağaları küçələr boyunca edamlar həyata keçirir. Onların qara maskalı polis qüvvələrini adamları şallaqlayan və ya başlarını kəsən yerdə görmək olar.

Sirli snayper İŞİD komandiri Abdullah Həməd əl-Ənsarini cəmi 1 güllə ilə öldürüb

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Sirli snayper İŞİD komandiri Abdullah Həməd əl-Ənsarini cəmi 1 güllə ilə öldürüb

Oradan alınan xəbərlərdə deyilir ki, Sirtin küçələrində heç kimdən qorxub-çəkinmədən meydan sulayan İŞİD-in komandirləri indi ciddi narahatlıq içindədirlər.

Qəzet yazır ki, tənha qisasçı barədə hekayətlər şəhər əhalisi arasında intensiv dövriyyə edir. Bu da bildirilir ki, Sirt əhalisinin çoxu İD-ə qarşıdır və buna görə “snayper” xəbərləri adamları ürəkdən sevindirir.

Məqalədə deyilir ki, mübarizə əhval-ruhiyyəsini qaldıran bu əhvalat 2001-ci ildə çəkilmiş məşhur “Düşmən qapıdadır” (The Enemy at the Gates) filmini yada salır.

Bu filmdə Jude Law Stalinqradda Hitler ordusuna qarşı təkbaşına döyüşən ən sərrast sovet snayperini oynayır.

Deyilənlərə görə, bu film indi bütün Yaxın Şərq boyunca çox populyardır və Suriyada Bəşər əl-Əsədə qarşı döyüşən bir qiyamçı qrup öz snayperinə “Moskva” ləqəbi verib.

Çarəsizlikdən doğan əfsanə?

Xəbər verilir ki, Sirtdə yenicə yaradılmış şəriət məhkəməsinin sudanlı hakimi Həməd Abdel Hadi bu ayın əvvəllərində xəstəxananın qarşısında snayper atəşi ilə öldürüldükdən sonra, şəhərdəki İŞİD sıralarına vic-vicə düşüb. Cihadçılar qorxudan tez-tez havaya atəş açır və adamları qorxutmağa çalışırlar.

Cihadçılar qorxudan tez-tez havaya atəş açır və adamları qorxutmağa çalışırlar

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Cihadçılar qorxudan tez-tez havaya atəş açır və adamları qorxutmağa çalışırlar

Bu müəmmalı snayper, əgər əlbəttə, söhbət bir nəfərdən gedirsə, sosial mediada qızğın müzakirələrə səbəb olub.

Bəziləri düşünürlər ki, bu, qonşu Misratadan olan keçmiş polisdir və əvvəllər Sirtdə İŞİD-ə qarşı döyüşüb.

Liviya polisi Sirt şəhərini itirməzdən əvvəl onun müdafiəsi üçün çox sayda qurban verib.

Misratalılar deyirlər ki, casusların İŞİD tərəfindən çarmıxa çəkilməsinə baxmayaraq, onların Sirtdə hələ də çox sayda xəbərçisi var.

Belə mülahizələr də var ki, İŞİD liderlərini bir-bir aradan qaldıran ABŞ xüsusi xidmətlərinin agentidir.

“The Daily Mail” yazır ki, ola da bilsin, “tənha snayper” əfsanəsini hər yerdən əlləri üzülən Sirt sakinlərinin özləri yaradıblar.