Donald Trump Fox News jurnalistinə görə debatlardan imtina edib

Şəklin mənbəyi, Reuters
ABŞ Respublikaçılar Partiyasından prezidentliyə namizəd, milyardçı Donald Trump rəqibləri ilə müzakirəni aparacaq jurnalistdən narazı olduğu üçün açıq televiziya debatlarından imtina edib.
Avqust ayında keçirilən debatlar vaxtı Donald Trump demişdi ki, Fox News kanalının aparıcısı Megyn Kelly menstruasiya keçirdiyinə görə ona çətin suallar verir.
Cümə axşamı İowa ştatında keçiriləcək debatlardan əvvəl aparıcını tənqid edən milyarder Megyn Kelly-nin debatlarda iştirakı əleyhinə olduğunu bildirib.
Fox News kanalının aparıcının dəyişdirilməyəcəyi barədə bəyanatından sonra cənab Trump debatlara qatılmayacağını bildirib.
"Keçən dəfə Megyn Kelly mənə sual vermədi, o bunun əvəzinə bəyanatla çıxış etdi. Mən bunun yersiz olduğunu hesab etdim. Hamı deyirdi ki, debatlarda mən qalib gəldim. Hamı deyirdi ki, keçən debatlarda mən qalib gəlmişəm. Onlar mənim bütün debatlarda qalib gəldiyimi deyirdilər. Artıq 6 debat keçirilib. Axı televiziya şəbəkələri bu debatlardan niyə qazanmalıdırlar ki?”.
Fox News güman edir ki, Trump debatlardan Kelly-nin suallarından qorxduğu üçün imtina edə bilərdi.
