Donald Trump: "Müsəlmanları ABŞ-a buraxmayın"

Donald Trump kampaniya gedişatında ABŞ-ın miqrasiya siyasətini bir neçə tənqid edib.

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Donald Trump kampaniya gedişatında ABŞ-ın miqrasiya siyasətini bir neçə tənqid edib.

California ştatında ölümcül atışmanın ardınca ABŞ prezidentliyinə namizədlərdən biri ölkəyə müsəlmanların gəlməsinə qadağa qoymağa səsləyib.

Donald Trump-ın kampaniya bəyanatında deyilir ki, hakimiyyət müsəlmanların ABŞ-a dair münasibətini "müəyyən edənədək" onların ölkəyə daxil olması tamamilə yasaqlanmalıdır.

Bəyanatın yayılmasından bir neçə saat keçmiş namizəd öz çağırışını Cənubi Carolina ştatındakı tərəfdarlarına müraciətində təkrarlayıb.

Donald Trump-ın bəyanatı Ağ Ev və onun mənsub olduğu respublikaçılar partiyasından bəzi rəqibləri tərəfindən tənqidlə qarşılanıb.

Ağ Ev bildirib ki, prezidentliyə namizədin şərhləri ABŞ dəyərləri və ölkənin milli təhlükəsizlik maraqlarına ziddir.

Ötən həftə radikallaşdırıldığı güman edilən müsəlman cütlüyünün California ştatının San Bernardino şəhərində atəş açması nəticəsində 14 adam həyatını itirib.

Donald Trump bundan əvvəl miqrasiya siyasətinə dair bir neçə sərt bəyanat verib. Onun 11 milyon sənədsiz miqrantı ABŞ-dan deportasiya etmək planı prezident kampaniyasında rəqibləri tərəfindən tənqid olunub.