AXCP üzvlərinə "inzibati cəzalar verilib"

Şəklin mənbəyi, Meydan TV
AXCP partiyasının daha 3 üzvü saxlanılıb, partiya sədrinin müavini Gözəl Bayramlı BBC Azərbaycancaya məlumat verib.
Onun sözlərinə görə AXCP-nin Şəki şöbəsinin fəalları Yusif Lətifov və Məmməd Balaməmmədovu axşam saatlarında polis əməkdaşları “evindən çıxardıb”. Bir neçə saat polis şöbəsində dindirildikdən sonra gecə saatlarında onların “məhkəməsini keçiriblər”.
Yusif Lətifova inzibati xətalar məcəlləsinin polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama maddəsi ilə 20, Məmməd Balaməmmədova isə xırda xuliqanlıq maddəsi ilə 10 sutkalıq həbs cəzası verilib.
Gözəl Bayramlının sözlərinə görə, Gənclər Komitəsinin fəalı Turan İbrahimin də gecə saatlarında “məhkəməsi olub”. Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən ona polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama maddəsi ilə 7 sutkalıq həbs cəzası verilib.
“AXCP Neftçala rayon şöbəsinin sədri Əflatun Əhmədzadə də ötən gecə evindən rayon polis şöbəsinə aparılıb”, Gözəl Bayramlı deyir. “Şöbədə ona aksiyalarda iştirak etməməklə bağlı xəbərdarlıq ediblər, sonra da gecə saatlarında evə buraxıblar”, o əlavə edib.
“Hələ də xəbər yoxdur”
“Müsavat partiyasının saxlanılan iki əməkdaşından biri, Siyəzən rayon təşkilatının sədr müavini Aydın Səfərlinin işi barəsində hələ də xəbər yoxdur”, Müsavat patiyasının başqanı Arif Hacılı BBC Azərbaycancaya deyib.
“Onu barəsində ola bilsin ki, cinayət işi qaldırıblar. Ona görə də bu haqda geniş məlumat verilmir”, partiya başqanı əlavə edib. Partiyanın Lənkəran təşkilatının sədri İman Əliyev çərşənbə axşamı saxlanılaraq ona 10 sutka həbs cəzası verilib.
Cənab Hacılının sözlərinə görə partiyanın Masallı, Cəlilabad, Sabirabad və Quba rayon təşkilatlarının sədrləri də polis şöbəsinə aparılaraq “etiraz dalğası” olacağı təqdirdə “cəzalandırılacaqları haqda xəbərdarlığı” verilib. Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov isə bu “xəbərdarlıqlar” haqqında məlumatsız olduğunu deyir.
Müsavat partiyasının başqanı Arif Hacılı regionlarda başlayan etirazda partiyanın “rolunun” olması haqda gəzən məlumatların “yanlış”, bu etiraz dalğasının ölkədə yaranan iqtisadi böhranla bağlı yaranan “haqlı narazılıqların təzahürü” olduğunu deyir.
“Müsavat Partiyası kütləvi aksiyaları keçirərkən bu barədə Konstitusiyaya uyğun olaraq müvafiq dövlət orqanlarına rəsmi məktub göndərir”, o, əlavə edib. Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimli də bir müddət əvvəl aksiyaların partiya tərəfindən təşkilini təkzib edib, "AXCP mitinqlərini xəlvət keçirmir" deyib. O, etirazları "xalqın mitinqləri" adlandırıb.
Çərşənbə axşamından başlayaraq Azərbaycanın müxtəlif bölgələrində qiymət artımı və işsizliyə qarşı etirazlar başlayıb.
Siyəzən, Füzuli, Ağcabədi, Ağsu, Lənkəran kimi bölgələrdə əhali problemlərini ifadə ediblər. Kütləvi aksiyanın daha geniş yayıldığı Siyəzən rayonuna çərşənbə günü Daxili İşlər Nazirliyinin xüsusi qüvvələri yeridilib. BBC Azərbaycancaya danışan rayon sakininin sözlərinə görə, DİN qüvvələrilə aksiya iştirakçıları arasında "toqquşmalar" baş verib.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayaraq, etirazlarda 55 nəfərin saxlanıldığını bildirib. Məlumata görə, aksiya iştirakçıları ictimai qaydanı "kobud surətdə pozub", xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq edib.
"Sakitlik hökm sürür”
Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları və çevik polis alayı Siyəzən şəhərinin mərkəzi küçələrini tərk edib, BBC Azərbaycancaya şəhər sakinlərindən biri məlumat verib.
Sakinin sözlərinə görə rayonun hazırda Şabran tərəfdən girişdə qurulan postda polislər keşik çəkməkdə davam edirlər.
Onun dediyinə görə ümumilikdə şəhərdə “sakitlik hökm sürür”.
Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov isə yeridilən yeni qüvvələr barədə məlumatı "yalan" adlandırıb. "Orda nə var ki, yeni qüvvələr yeridilsin", o sual edib.




