Homs: Suriya inqilabının süqut etmiş “paytaxtı”

Suriya üsyançıları hökumətlə əldə edilmiş atəşkəs razılaşmasına uyğun olaraq Homs şəhərində nəzarət etdikləri son rayondan evakuasiya olunmağa başlayıblar.
Bu sülh sazişinə görə bütün şəhər hökumətin nəzarətinə qaytarılıcaq və prezident Bəşər əl Əsədin mövqeləri möhkəmlənmiş olacaq.
Döyüşçüləri və onların ailələrini Suriyanın üçüncü böyük şəhərinin əl-Vair rayonundan çıxarmaq üçün avtobuslar çərşənbə günü göndərilib.
Homs prezident Bəşər əl-Əsədə qarşı üsyanın əsas döyüş meydanı idi və sakinlər 2011-ci ildə prezidenti devirmək çağırışına qoşulandan bəri “inqilabın paytaxtı” adını qazanmışdı.
Bundan sonra şəhərin əksər hissələri müxalifətin nəzarətinə keçmişdi.
Ticarət mərkəzi
Homs uzun müddətdir ki, coğrafi, strateji və iqtidsadi əhəmiyyətə malik şəhər sayılır.
Bu şəhər Suriyanın Aralıq sahilindən ölkə daxilinə yeganə təbii keçid olan Homs qapısının şərq qurtaracağındakı Asi çayı dərəsi boyunca münbit əkin ərazilərində yerləşir. Burda həmçinin Dəməşqdən Hələbə və Livan tərəflərə gedən yol yarı olur.
Əvvəllər Emesa kimi tanınan Homsun tarixi eramızdan əvvəl birinci əsrə gedib çıxır. Bura Roma imperiyası zamanı şöhrət qazanıb və buradan çox sayda imperator sülalələri çıxıb. Bu şəhər Aralıq dənizi ilə Çin və Hindistan arasındakı yollar üstündə mühüm ticarət mərkəzi idi.
Bizans zəmanəsində bu şəhər Xristianlığın mərkəzlərindən birinə çevrilib və hazırda da çoxsaylı xristian əhalisi var. Müasir Homs Suriya sənayesinin mühüm mərkəzlərindəndir. Burada ölkənin ən böyük neftayırma zavodu yerləşir. Bundan başqa Homs Suriyanın bir çox şəhərləri arasında yol qovşağıdır.
Üsyandan əvvəl Homs və ətrafında 1,5 milyon insan yaşayırdı.
Onların əksəriyyəti şəhərin qərb, şimal və şərq hissələrində yaşayan sinni müsəlmanlar idi. Köhnə şəhərdə əsasən Homsun 10 faiz təşkil edən xristian əhalisi məskunlaşmışdı. Şəhərin cənub-şərq ərazilərində isə prezidentin mənsub olduğu ələvi icması yaşayırdı.
Mühasirə altında
Mart, 2011: Homsda antihökumət etirazları qopur
May, 2011: Şəhərə tanklar göndərilir

Fevral, 2012: Suriya hərbiyyəsi Homsun müqavimətini qırmaq üçün əməliyyata başlayır
2012-ci ilin mayınadək Homsun 15-20 faizinin müxalifətin nəzarətində olduğu düşünülürdü.
2012-ci ilin dekabrınadək onlar Deyr Baalbahı zəbt etmişdilər.
Mart, 2013: Hökumət Homs üzərində nəzarətini möhkəmləndirmək məqsədilə böyük hücum əməliyyatına başlayır.
İyun, 2013: Hərbiyyə çevik bir şəkildə Xalidiyyə üzərinə yeni həmləyə keçir. Ağır bombardmana və yeni təchizat və canlı qüvvə yollarının bağlanmasına baxmayaraq qiyamçılar iyul ayınadək müqavimət göstərmişdilər. Bundan sonra onlar geri çəkilmişdilər.
Aclıq
2014-cü ilin yanvarında Köhnə şəhər hələ də müxalifətin nəzarətində idi. Orada 3000-dək mülki adamın ilişib qaldığı güman edilirdi. Onların ərzağı və dava-dərmanı yox idi və 2012-ci ilin iyunundan artilleriya və aviasiya bombardmanı altında yaşayırdılar.
Sakinlərdən Beybars Altalavi deyir ki, adamlar bitki və ot da daxil, nə tapsalar yeyirdilər.

O əlavə edərək deyib: “Dava-dərman və avadanlığın olmaması ucbatından çoxları dünyasını dəyişib. Əlimizdə olan az miqdarda dərman qurtarıb”.
Bu razılaşma 2014-cü ilin fevralında Homs qubernatoru Təlal əl-Bərazi və BMT-nin Suriyadakı əlaqələndirici nümayəndəsi Yacoub El Hillo arasında əldə olunub. Razılaşmaya görə dinc adamların evakuasiyası məqsədilə müvəqqəti atəşkəs elan edilmişdi.
Növbəti ayda Homs uğrunda döyüşlər dayandı və qiyamçı döyüşçülər saziş əsasında “Köhnə şəhərdə” müxalifətin əlində olan son ərazilərdən çıxmağa razılaşdılar. Bu saziş BMT-nin aylarla davam edən səyləri nəticəsində əldə edilmişdi.
"Bütün dünya bizi tək qoydu” – deyib evakuasiyaya hazırlaşan fəallardan biri BBC-ə.
Nəhayət 2015-in dekabrında, Köhnə şəhər sazişinə bənzər başqa bir razılaşma əsasında qiyamçılar şəhərin qərb ətrafında nəzarətlərində olan yeganə ərazi - əl-Vairdən təxliyəyə başladılar.




