Suriya böhranı: üsyançılar sülhlə “Homs şəhərini tərk edir”

Əl-Vair Homsun üsyançıların nəzarətində olan sonuncu bölgəsidir

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Əl-Vair Homsun üsyançıların nəzarətində olan sonuncu bölgəsidir

Suriya üsyançıları hökumət qüvvələri ilə əldə edilmiş atəşkəs şəraitində Homs şəhərini tərk edir, monitorinq qrupu bildirib.

Razılaşmaya görə bütün şəhər hökumətin nəzarətinə qaytarılır.

Şəhəri tərk edənlər hələ də üsyançıların nəzarətində olan İdlib əyalətinə getməyə hazırlaşır.

Suriyanın mərkəzində yerləşən Homs şəhəri əvvəllər “inqilabın paytaxtı” adını qazanıb və Prezident Əsədə qarşı 2011-ci ildə keçirilmiş ilk etirazlar burda baş tutub.

Artıq ilk avtobus Homsda üsyançıların nəzarətində olmuş Əl-Vair bölgəsini tərk edib, Suriya İnsan Haqları Müşahidəsindən bildirilib.

Çərşənbə günü şəhəri, üsyançı döyüşçülər və dinc sakinlər də daxil olmaqla, təxminən 800 nəfərin tərk edəcəyi bildirilir.

BMT-nin də dəstəyi ilə əldə olunmuş atəşkəslə qonşu bölgələrə ərzaq yardımı çatdırılıb.

Suriya rəsmilərinin bildirdiyinə görə, onlar Homsda saxlanılan 35 müxalif döyüşçünü azad ediblər.

“Biz yaxşını arzulayırıq,” sakinlərdən biri deyib. “Təhlükəsizlikdən başqa nə istəyirik ki?”.

Bu razılaşma iki ildən çox davam etmiş danışıqların nəticəsində əldə edilib.

Razılaşmaya görə, atəşkəsi qəbul etmiş daha mötədil qruplar hələlik Əl-Vairdə qalacaq.