Şimali Koreyanı “idarə edən” nazirlik

Şəklin mənbəyi, Getty
Berlin hasarının Seulda yerləşdirilmiş bir hissəsi Cənubi Koreyaya onun Şimalla parçalanmış münasibətlərini xatırladır.
Lakin birləşmə düşüncələri həmişə beyinlərdə olub və bu ideyaya xidmət edən bütöv bir nazirlik fəaliyyət göstərir. Hərçənd, - yazır BBC müxbiri Stephen Evans, bu nazirliyin işi, deyəsən o qədər də başından aşmır.
İndi Cənubi Koreya paytaxtının ortasında Berlin hasarının bir parçası var. Üç plitədən ibarət olan beton divar parçası Cənubi Koreyanın bölünməsini, ikiyə bölünmüş Almaniya ilə müqayisə edən sərginin keçirildiyi muzeyin qarşısında yerləşdirilib.
Uşaqlar bu divar parçasına çox diqqətlə baxırlar. Onlar beton parçasına toxunur, onunla selfie çəkdirirlər. Onlar bundan həyəcanlanırlar və həyəcanlanmalıdırlar da.

"Əgər birləşmə Almaniyada baş veribsə, nədən də Koreyada olmasın?” – sualı onların və ölkələrinin başı üzərindən asılıb.
Cənubi Koreyanın konstitusiyasına görə Şimali Koreyanın beş vilayəti birləşmiş Koreyanın (bu ölkə 70 il bundan əvvəl mövcud olub) ərazisi sayılır və nəzəri olaraq guya Cənubi Koreya tərəfindən idarə olunur. Mən “guya” sözünü ona görə işlədirəm ki, Seulda texniki baxımdan Şimali Koreya ilə məşğul olan və işçilərlə dolu böyük bir nazirlik binası var. Bu nazirlikdə Şimali Koreyanın 5 əyalətinə “baxan” 5 departament mövcuddur.
Burada bir əmma var ki, bu vilayətləri Seuldan idarə etmək olmur, çünki onlar Şimali Koreyada yerləşir. Bir də, iki ölkə arasında yersizcəsinə demilitarizasiya olunmuş ərazi adlanan torpaq zolağı yerləşir. Bu, Koreyanın “Berlin divarıdır”.
Mən bir gün bu nazirliyə baş çəkmişdim və deməliyəm ki, orada iş başdan aşmırdı. Bəzi kompüterlərin monitorlarından nazirlik işçilərinin internet alış-verişinə də vaxt tapdıqları görünürdü. Amma bu işçiləri qınamaq olarmı? Şimali Koreya rejiminin bu gün-sabah yıxılacağını 1990-cı illərdən gözləyirlər. Hələ bu gün də həmin hadisə yaxında görünmür.

Şəklin mənbəyi, Getty
44 işçisi ilə solğun hökumət binasında yerləşən bu xəyali nazirlik güman ki, tezliklə baş verməyəcək hadisəyə hazırlaşır. Dəhlizlər uzun, boş və sakitdir.
Burda Şimali Koreyaya xəyalən rəhbərlik edənlərdən biri deyir ki, onların məqsədi böyük birləşmə gününədək Şimali Koreya mədəniyyətinin qorunub saxlanmasıdır. Bunu isə Cənubda yalnız xalq rəqslərinin təşkili ilə etmək olar.
Şimali Koreyanın bu nəzəri inzibatçıları hər gün işə gələrkən giriş qapısında mavi poçt qutusu ilə rastlaşırlar. Qutunun üstündə ingilscə “doğma ev üçün darıxanların poçt qutusu” yazılıb. Bu qutu Şimaldan olanların öz evlərinə yazdıqları məktubları göndərmələri üçün qoyulub. Məsələ burasındadır ki, məktublar ünvanlarına heç vaxt çatmayacaq, çünki iki Koreya arasında poçt xidməti yoxdur. İşçilər deyirlər ki, bu poçt qutusu rəmzi məna daşıyır.
Belə də nazirlikmi olar, deyə soruşa bilərsiniz. Amma bir vaxtlar, 1950-60-cı illərdə bu nazirliyə hakimiyyəti ələ almağa hazır olan real mühacir hökuməti kimi baxırdılar. İndi baxmırlar. Buradakı bürokratlar tezliklə Kim Jong-un-un əvəzinə Şimali Koreyaya hökumətlik edəcəklərinə özləri də inanmırlar.
Bu günlər Şimali Koreyada gedən söhbətlər Şimalın tezliklə çökəcəyi yox, bu hadisə baş verərkən onun nəticələrinin nədən ibarət ola biləcəyi barədədir.

Şəklin mənbəyi, Getty
Seulda bir parkda Berlin hasarı ilə açılmış sərgi Koreya və Almaniyadakı vəziyyətlərin nə qədər müxtəlif olduğunu aydın şəkildə nümayiş etdirir. Burada parçalanmış Almaniyanın son illərində 6 milyon insanın öz ailəsinə qovuşduğunu göstərən diaqramlar var.
Koreyada son 14 ildə belə insanların sayı cəmi 2 min olub. Şimali Koreyada yaşayanların ətraf aləmlə faktiki heç bir əlaqəsi yoxdur. Şərqi Almaniyada isə ölkənin Drezden ətrafındakı ən şərq hissəsini çıxmaq şərti ilə hamı hər axşam Qərbi Almaniya televizyalarına tamaşa edə bilirdi. Şimali Koreyalıların bu imkanı da yoxdur.
Cənubi Koreyada maaşlar Şimali Koreyada olduğundan 10, 20 dəfə yüksəkdir. Bu, Şərqi və Qərbi Almaniya arasında bir vaxtlar olduğundan qat-qat böyük fərqdir. Bu isə o deməkdir ki, birləşmə baş verərsə, iqtisadi silkələnmə daha güclü olacaq.
İndinin özündə Şimali Koreyadan qaçaq gələnlər onların bilik və əmək vərdişlərinin Cənubi Koreyaya uyğun olmadığını görürlər. Şimaldan qaçıb gələn həkimlər Cənubda adi tibb imtahanından keçə bilmirlər.
Bunlar onu göstərir ki, burada birləşməyə lazım olan səy və pulun nəhəngliyi Almaniyanı kölgədə buraxardı. Buna baxmayaraq Seuldakı kölgə nazirliyinin bürokratları problemlə məşğul olmaqdan çəkinmirlər.
Kim Jong-un onların gəlib Pxenyanda onun kreslosunu əlindən alacaqlarından qorxmur. Bu arada isə internetdə alış-veriş və ya xalq rəqslərinin kimi başqa işlərlə məşğul olmaq olar.




