Paris hücumları: Hollande İD-ni "məhv edəcəyinə" söz verib

Şəklin mənbəyi, EPA

Fransa cümə günü baş vermiş ölümcül hücumlardan sonra İslam Dövləti (İD) qruplaşmasını “məhv etməyə” hazırlaşır, prezident Francois Hollande parlamentdə çıxışı zamanı deyib.

O bildirib ki, ölkədəki fövqəladə vəziyyəti üç ay müddətinə uzatmaq üçün qanun layihəsi hazırlayacaq.

Fransanın İraq və Suriyadakı İD qruplaşmasına qarşı hərbi kampaniyası da intensivləşdiriləcək.

129 nəfərin ölümü ilə nəticələnmiş hücumlara görə İD qruplaşması məsuliyyəti üzərinə götürüb.

Cənab Hollande bildirib ki, o, ABŞ prezidenti Barack Obama və Rusiya prezidenti Vladimir Putinlə görüşərək qruplaşmaya qarşı mübarizə yollarını müzakirə etməyə hazırlaşır.

23 nəfər həbs edilib

Cümə günü baş vermiş hücumlara görə şübhəli bilinən islamçı silahlılar üzərində ölkə boyu həyata keçirilən reydlər nəticəsində 23 nəfər həbs edilib və silahlar ələ keçirilib, rəsmilər bildirir.

Şəklin mənbəyi, AFP

Belçika paytaxtı Brüsseldə də polisin reydlər keçirdiyi və bir nəfərin həbs edildiyi bildirilir.

Parisdəki konsert salonu, stadion, restoran və barlarda həyata keçirilmiş hücumlar nəticəsində 129 nəfər həyatını itirib.

İslamçı silahlılar tərəfindən Parisdə həyata keçirilmiş cümə hücumları Suriyadan planlaşdırılıb və həyata keçirilib, Fransa Baş naziri Manuel Valls deyib.

Onun təbirincə, rəsmilər hesab edir ki, Fransa və digər Avropa ölkələrində yeni terror hücumları planlaşdırılmaqdadır.

Baş nazir silahlılar olduqları güman edilənlərə qarşı Fransada bazar ertəsi səhər 150 reyd keçirildiyini bildirib.

Cümə günü baş verən hücumu həyata keçirmiş İslamçı qrupun sağ qalmış üzvləri və ortaqlarına qarşı genişmiqyaslı axtarış-əməliyyat hərəkətləri davam etdirilir.

Şübhəlilər axtarılır

Fransa hökuməti Parisdə 129 nəfərin ölümü və 350 nəfərin yaralanması ilə nəticələnmiş hücumlarda iştiraka görə şübhəli bilinən 26 yaşlı Salah Abdeslam barəsində axtarış elan edib. Polis onu "əsas şübhəli" adlandırıb.

Şəklin mənbəyi, Police Nationale

Məlumata görə, o, hücumlardan sonra polis tərəfindən saxlanılsa da, sonradan sərbəst buraxılıb.

Bu arada, Fransa təyyarələri İslam Dövləti (İD) qruplaşmasının Suriyadakı istinadgahına hücum edib.

Məlumatlara görə, hücumu araşdıran polis bir sıra reydlər həyata keçirib.

Fransa mətbuatı bildirir ki, iri polis əməliyyatları Paris yaxınlığında yerləşən Bobignydə, Fransanın Belçika ilə sərhədinə yaxın yerləşən Jeumontda və cənub şəhəri Tuluzada baş tutub.

Cümə günü baş tutmuş hücumlara görə məsuliyyəti İD qruplaşması öz üzərinə götürüb. Hücumlar Parisdəki konsert zalı, əsas stadion, restoran və barlarda həyata keçirilib.

Yeddi basqınçının öldürülüb. Onların əksəriyyəti özünü partladıb.

___________________________________________________________________________________________

Parisə hücumda şübhəli bilinənlər

  • Salah Abdeslam, 26 yaş - təcili polis tərəfindən axtarılır
  • Mohammed Abdeslam - Belçikada həbs edildiyi xəbər verilir
  • Brahim Abdeslam, 31 yaş - Bataclan konsert zalının yaxınlığında həlak olan hücumçu kimi adı açıqlanıb
  • Paris yaxınlığından olan Ismail Omar Mostefai, 29 yaş - Bataclanda hücumda dünyasını dəyişib
  • Bilal Hadfi, 20 yaş - Stade de France-da həlak olan hücumçu kimi adı açıqlanıb
  • Dörd digər hücumçular şəhərə basqın zamanı dünyasını dəyişib

___________________________________________________________________________________________

Şəklin mənbəyi, AFP

Polis tərəfindən əsas şübhəli adlandırılan Salah Abdeslamın 89 insanın həlak olduğu Bataclan konsert salonunun yaxınlığında tapılan və basqınçılar tərəfindən istifad edildiynə inanılan VW Polo avtomobilini kirayələdiyi bildirilir.

Rəsmilər deyir ki, şənbə günü o, Belçika sərhədinin yaxınlığında avtomobildə olan zaman polis tərəfindən saxlanılıb. Məlumata görə, o, dindirilib, sənədləri yoxlanılıb, sonra avtomobildə olan digər iki nəfərlə yanaşı sərbəst buraxılıb.

O, cümə günü hücumları ilə əlaqədə şübhəli bilinənən Belçikada yaşayan üç qardaşdan biridir, məmurlar deyirlər.

Qardaşlardan digəri 31 yaşlı Brahim Abdeslamın Bataclan yaxınlığında yerləşən barın kənarında özünü partlatdığı bildirilir.

Üçüncü qardaş Mohammedin isə Parisdən qayıdarkən Brüssel yaxınlığında həbs olunduğu xəbəri verilir. Belçika polisi cəmi yeddi nəfərin həbs edildiyini bildirir.

Mətbuat Stade de France-da ölən 3 hücumçudan birinin Belçikada yaşayan 20 yaşlı Bilal Hadfi olduğunu yazıb.

"Cihadçılar üçün cənnət"

Fransanın daxili işlər naziri Bernard Cazeneuve bildirib ki, Parisdə cümə günü baş verən hücumlar "Fransadakı əlbir olduqları şəxslərin köməyi ilə Belçikada yaşayan bir qrup şəxs tərəfindən" hazırlanıb.

Belçikanın baş naziri Charles Michel deyib ki, Belçika hakimiyyəti "cihadçılar üçün cənnət" kimi nüfuza malik Molenbeekla mübarizə aparacaq.

Brüssel şəhərinin meri Yvan Mayeur əlavə edib: "Biz Avropada müharibə edən şəxslər üçün baza olmağı dayandırmalıyıq".

Şəklin mənbəyi, Getty

Hücumçulardan birinin 29 yaşlı Əlcəzair əsilli Fransa vətəndaşı Omar İsmail Mostefai olduğu bildirilir. O, özünü Bataclanda partladıb. Məlumatlara görə, Mostefai əvvəllər də xırda cinayət törətsə də, heç vaxt həbs olunmayıb.

Rəsmilər bildirir ki, Stade de France yaxınlığında Yunanıstandan qaçqın kimi gələn və Serbiyada sığınacaq almış şəxsə aid Suriya mənşəli passport tapılıb.

Fransa prezidenti Francois Hollande hücumları "müharibə aktı" adlandırıb və söz verib ki, ölkəsinin reaksiyası "amansız" olacaq.

Bazar günü Fransanın İordaniya və Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən bazalarındakı 10 qırıcı təyyarə Raqqada dörd hədəfi bombalayıb, Fransa müdafiə nazirliyi bəyan edib.

Hava zərbələri ABŞ qüvvələrlə ilə əlaqəli şəkildə həyata keçirilib.

Fransada hazırda milli matəmin üçüncü və sonuncu günüdür. Prezident Hollandenin elan etdiyi fövqəladə vəziyyət qüvvədə qalır və Parisin küçələrində minlərlə əlavə polis və qoşun var.