Rusiyalı yüngül atletlər Rio Olimpiadasından kənarlaşdırıla bilərlər

WADA hesabatı təşkilatın özü tərəfindən apardığı araşdırmanın nəticələrinə əsaslanır.
Şəklin alt yazısı, WADA hesabatı təşkilatın özü tərəfindən apardığı araşdırmanın nəticələrinə əsaslanır.

Ümumdünya anti-dopinq agentliyi komissiyası (WADA) Beynəlxalq yüngül atletika federasiyaları assosiyasına (IAAF) Rusiya yüngül atletika federasiyasını (VFLA) idmançıların dopinqdən istifadə etməsilə bağlı müntəzəm pozuntulara yol verdiyinə görə diskvalifikasiya olunmasını tövsiyə edib.

VFLA-nın fəaliyyəti qüsurlu tanınacağı təqdirdə, 2016-cı ildə Braziliya paytaxtı Rio-de-Janeyro şəhərində keçiriləcək Olimpiya Oyunlarında Rusiya idmançıları iştirak edə bilməyəcəklər.

WADA-nın hesabatı bu təşkilatın özü tərəfindən keçirdiyi araşdırmanın nəticələrinə əsaslanır.

Agentliyin hesabatında qeyd olunduğu kimi, Moskvadakı anti-dopinq laboratoriyasının lisenziyası geri alınmalıdır, çünki həmin laboratoriya "müstəqil iş görə bilmir".

Komissiya üzvləri Rusiya Federal Təhlükəsizlik Bürosunu (FSB) "birbaşa hədələmə və dopinq qəbulu sisteminin qurulmasına müdaxilədə" ittiham ediblər.

Komissiya eləcə də iddia edib ki, rusiyalı yüngül atletlərin dopinq analizləri Rusiya İdman naziri Vitali Mutkonun əmri əsasında keçirilib.

Mutko-nun özü isə WADA, komissiyasının müraciətinə cavab olaraq, öz ünvanına söylənmiş bütün ittihamları, o cümlədən, dopinq analizi keçirənlərə FSB tərəfindən təzyiq göstərilməsi barədə deyilənləri də təkzib edib.

WADA hesabatı bu təşkilatın 2014-cü ilin dekabrında Rusiya yüngül atletlərinin kütləvi halda dopinqdən istifadə etdiklərini iddia edən film nümayiş olunduqdan sonra özü tərəfindən keçirdiyi araşdırmanın nəticələrinə əsaslanır. Həmin film Almaniya televiziyası tərəfindən çəkilib.

Film müəlliflərinin iddiasına görə, IAAF Rusiya yüngül atletika federasiyasında baş verən pozuntuları ört-basdır edib.

VFLA bu ittihamları yalan adlandırıb.