Dehli: qadın sərnişini zorlayan Uber sürücüsünə ömürlük həbs cəzası kəsilib

məhkəminin qərarı elan olunandan sonra müttəhim Yadav ağlayıb.

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, məhkəminin qərarı elan olunandan sonra müttəhim Yadav ağlayıb.

Hindistan məhkəməsi ötən il Dehlidə qadın sərnişini zorladığına görə, Uber taksi sürücüsünə ömürlük həbs cəzası kəsib.

Shiv Kumar Yadav eləcə də adam oğurluğu və hədələmə hallarında ittiham olunub.

Ötən ilin dekabr ayında Uber xidmətindən taksi sifariş etmiş 26 yaşlı qadın maşına əyləşdikdən sonra xəlvət əraziyə aparılaraq zorlanıb.

Bundan sonra Dehlidə Uber daxil olmaqla bir sıra internet taksi şirkətlərinin fəaliyyəti aylarla çəkən müddət ərzində dayandırıldı.

Həmin şirkətlər sürücüləri tələb olunan səviyyədə yoxlamadan keçirməməkdə ittiham olundular.

Uber şirkəti baş vermiş insidentə görə üzr istəyib.

Qadın, Uber şirkətinə qarşı eləcə də ABŞ-da məhkəmə iddiası irəli sürüb, lakin həmin iş məhkəməyə çatmadan tərəflər arasında həll olunub.

AFP xəbər agentliyinin məlumatına əsasən, məhkəmənin qərarı elan olunandan sonra müttəhim Yadav ağlayıb.

"O, cəzasını ölənədək çəkməli olacaq", hakim Kaveri Baweja Dehli məhkəməsində bildirib.

Yadav-ın vəkili Mishra müttəhimin günahsız olduğunu jurnalistlərə bildirərək məhkəmənin qərarından şikayət veriləcəyini qeyd edib.

Hindistanda seksual zəmində zorakılıq mövzusu 2012-ci ilin dekabrında 23 yaşlı tələbə qız dəstə tərəfindən zorlandıqdan sonra cəmiyyətin diqqət mərkəzində qalmaqdadır.

Həmin hadisədən sonra seksual zəmində zorakılığa aid qanunvericilik ölkədə sərtləşdirilib.

Müxbirlərin sözlərinə görə, qanunların sərtləşdirilməsi zorlanma hallarının sayının azalmasına gətirməyib, son zamanlarda geniş əks-sədaya səbəb olmuş seksual zəmində cinayətlər törədilib.

Ötən ay paytaxt Dehlidə iki uşağın zorlanması ictimaiyyətin hiddətinə səbəb olub.