Dehli polisi 4 yaşlı qız zorlandıqdan sonra iki kişini dindirir

Son hadisə Dehlidə qadınların təhlükəsizliyinin nə dərəcədə təmin olunduğu barədə yenidən suallar qaldırıb.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Son hadisə Dehlidə qadınların təhlükəsizliyinin nə dərəcədə təmin olunduğu barədə yenidən suallar qaldırıb.

Hindistan polisi paytaxt Dehlidə 4 yaşlı qızın zorlanması ilə bağlı iki kişini dindirməkdədir.

Şəhər polisinin rəsi müavini Vijay Singh BBC-ə bu işlə bağlı hələlik heç kimin həbs olunmadığını bildirib.

Cümə günü axşam saatlarında dəmiryol relsləri yaxınlığında huşsuz vəziyyətdə tapılmış qız uşağı hazırda intensiv müalicə kursu keçməkdədir.

Həkimlərin bildirdiyinə görə, uşağın yaraları ağır olduğundan o, əməliyyat olunub.

Bu hadisə Dehlidə qadınların təhlükəsizliyinin nə dərəcədə təmin olunması ilə bağlı yenidən suallar yaradıb.

2012-ci ildə Dehlidə tələbə qızın dəstə tərəfindən zorlanması və öldürülməsi xəbəri dünyanı şoka salmışdı.

Qız uşağının bədənində ağır yaralar aşkar edilib.

Onun ailəsi bildirib ki, uşağı bir dəstə kişi, şirniyyatla aldadaraq tələyə salıb.

Dehli qadın işləri üzrə komissarı Swati Maliwal qız uşağına xəstəxanada baş çəkdikdən sonra onun yaralarının "dəhşətli" olduğunu deyib.

2012-ci ildə tələbə qızın dəstə tərəfindən zorlanması və qətlə yetirlməsi ölkədə geniş etirazlara və zorlanma hallarına qarşı yeni qanunvericiliyin qəbul edilməsinə səbəb olmuşdu.

Lakin xəbərlərə görə, Hindistanda seksual zəmində qadın və uşçaqlara qarşı hücumlar davam etməkdədir.

2014-cü ildə Dehlidə bir qadın Uber taksi sürücüsü tərəfindən zorlandığını bildirib.

İyul ayında polis Dehlinin özündə və şəhər kənarında 30 uşağa seksual zəmində təcavüz edərək onları öldürdüyünü boynuna almış şəxsi həbs edib.

Bu il polis tərəfindən 1,500-dək zorlanma halları qeydə alınıb, lakin güman edildiyinə görə polisə bildirilməyən zorlanma hallarının sayı bu rəqəmdən xeyli çoxdur.