Sinay qəzası: Misir prezidenti İD qrupunun iddiasını "təbliğat" adlandırıb

Şəklin mənbəyi, AFP
Misir prezidenti Əbdul Fəttah əl-Sisi özünü İslam Dövləti adlandıran qrupla əlaqəli silahlıların Rusiya təyyarəsini vurub yerə saldıqları barədə iddiaları "təbliğat" adlandırıb.
BBC-ə müsahibəsində o, deyib ki, təyyarə qəzasının səbəbləri barədə birmənalı fikir irəli sürmək hələ xeyli tezdir.
Güman edildiyinə görə, Airbus 321 Sinay adası üzərində havada dağılıb, nəticədə təyyarədəki 224 nəfərin hamısı həlak olub.
Bazar ertəsi, Kogalymavia hava yolları şirkəti qəzaya səbəb "xarici təsirin" olduğunu bəyan edib.
Lakin Rusiya Aviasiya Agentliyinin başçısı Aleksandr Neradko televiziya müsahibəsində bu cür fikirlərin heç bir fakta əsaslanmadığını deyib.
Misir presidenti də tələsik fikirlərin söylənilməsilə bağlı xəbərdarlıq edib.
"Bütün maraqlı tərəflər institaqda iştirak edə bilərlər", Britaniyaya səfəri ərəfəsində o, BBC-ə bildirib.
"Təyyarənin İD tərəfindən vurulması barədə səslənən iddialar Misirdəki sabitlik və təhlükəsizliyin pozulmasına yönəlmiş təbliğatdır. Sinayda vəziyyət həmin ərazidə nəzarət altındadır", əl-Sisi deyib.
Bu arada, ABŞ Milli kəşfiyyatının direktoru James Clapper də qeyd edib ki hadisədə terrorçu izini təsdiqləyən dəlil yoxdur, eyni o zamanda, o, hesab edir ki, terror versiyasını " tamamilə istisna etmək də olmaz".
Qəzaya uğramış Airbus 321 təyyarəsinin göyərtəsində 25 uşaq da daxil 217 sərnişin və 7 heyət üzvü olub, onların əksəriyyəti Rusiya vətəndaşı olub.
Təyyarə Misirin Qırmızı dəniz sahilindəki Şərm-əl-Şeyx istirahət mərkəzindən Rusiyanın Sankt-Peterbur şəhəri istiqamətində havaya qalxdıqdan 23 dəqiqə sonra parçalanıb.
Təyyarənin "qara qutuları" tapılaraq və təhlildən keçmək üçün götürülüb.
Həlak olanlardan 140 nəfərdən çoxunun cəsədi tapılaraq artıq Sankt-Peterburq şəhərinə göndərilib.




