Miqrant böhranı: 22 nəfər yunan adalarında boğulub

Əfqanıstandan olan bu miqrantlar Lesbos adasına çatıb. Lakin bu qayıqlar çox təhlükəlidir

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Əfqanıstandan olan bu miqrantlar Lesbos adasına çatıb. Lakin bu qayıqlar çox təhlükəlidir

Türkiyədən Yunanıstanın Kalimnos və Rodes adalarına çatmaq istəyərkən, əsasən azyaşlılar olmaqla, ən azı 22 miqrant suda boğulub.

Hadisə bu həftə ərzində yunan adalarında baş vermiş ikinci böyük qayıq faciəsidir.

Yunanıstan rəsmiləri bildirib ki, Kalimnos yaxınlığında 19 nəfər ölüb, 138 nəfər isə xilas edilib.

Rodes adası yaxınlığında isə üç nəfər ölüb və digər üç nəfər itkin düşüb. Burada altı nəfərin xilas edildiyi bildirilir.

Bu arada İspaniyanın cənubunda xilasedicilər itkin düşmüş 35 miqrantın axtarışını edir. Onların qayığı Mərakeşdən gələrkən sıradan çıxıb. Dörd nəfərin cəsədi aşkar edilib.

İstifadəyə yararsız və insan dolu qayıq Mərakeşin Alhucemas şəhərindən yola çıxıb. 15 miqrantın xilas edildiyi bildirilir.

Son aylarda əsas miqrant axını Türkiyənin Egey dənizi sahillərinə yaxın yerləşən yunan adalarına olub.

Yunanıstan rəsmiləri çərşənbə günü Lesbos adasına yaxın dənizdə qayığın sıradan çıxması nəticəsində 16 miqrantın ölməsini təsdiqləyib. Xilasedicilər 274 nəfəri xilas etməyi bacarıb.

Minlərlə miqrant hər gün Türkiyədən Lesbosa təhlükəli səfərə edir. İnsan qaçaqçıları adətən onları yararsız qayıqlarla daşıyır.

BMT təxminlərinə görə, bu il ərzində 700 mindən çox miqrant qayıqla Avropaya səfər edib. Onlardan əksəriyyəti müharibədən əziyyət çəkən Suriyadandır.

Qışın yaxınlaşmasına baxmayaraq miqrant axınında azalma müşahidə edilmir.

Aİ Frontex sərhəd qüvvələrini Yunanıstan və İtaliyadakı miqrantların qəbul mərkəzlərinə göndərir.

Frontex-in məqsədi miqrantların qeydiyyatı prosesini sürətləndirməkdir.

Almaniya qaçqın və miqrantların böyük axınına məruz qalıb – ölkəyə bu il ərzində gələn miqrantların təxminən bir milyona çatacağı gözlənilir.

Minlərlə miqrant Almaniyada sığınacaq almaq ümidi ilə Yunanıstandan şimala doğru çətin yollarına davam edir.