Miqrant böhranı: qış mövsümü yaxınlaşır

- Müəllif, Katya Adler
- Vəzifə, Avropa redaktoru, BBC
Sıravi avropalı, ola bilsin, düşünür ki, Aİ-nin miqrant böhranının kəskinliyi qışa qədər sovuşacaq. Yəni qış düşən kimi dəniz yolu ilə Yunanıstana miqrantlarla dolu gələn qayıqların da ardı kəsiləcək.
Rəsmi səviyyələrdə, əlbəttə ki, ayrı söhbət gedir.
Aİ rəsmilərinin bugün Brüsseldə jurnalistlərə bildirdiyinə görə, miqrant böhranının çözülməsi işində irəliləyiş var.
Amma hələ ki, bu irəliləyiş daha çox nəzəri səciyyə daşıyır.
Aİ liderləri müxtəlif sammitlərdə insan qaçaqmalçılığına qarşı sərt tədbir görüləcəyini deyirlər. Onlar həmçinin siyasi sığınacaq tələblərinə uyğun olmayanların geri qaytarılması istiqamətində səylərin artırılacağını bildirirlər.

Onlar Türkiyə ilə münasibətləri yaxşılaşdırmağa və Suriyada müharibənin başa çatmasına çalışacaqlarını vəd edirlər.
Lakin hadisələr sankı nəzarətdən çıxmaq həddinə doğru, inkişaf edir.
Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, hər gün qayıqlarla Yunanıstana orta hesabla 5,000-dək qaçqın gəlməkdə davam edir.
Onların əksəriyyəti Avropanın şimal ölkələrinə üz tutur. Miqrantlara Yunanıstanda sənəd verildikdən sonra onlar qitəyə sərbəst gələ bilərlər.

Budapeşt xəbərdarlıq edib ki, Aİ özünün xarici hüdudlarına (yəni, Yunanıstan adalarına) nəzarəti gücləndirməyənədək, Macarıstanın sərhədi miqrantlar üçün bağlı qalacaq.
Nəticədə Xorvatiya və Sloveniya ərazisilə Avropanın şimalına çatmaq istəyən qaçqınların bu ölkələrin ərazisində ləngiyərək toplaşdığı müşahidə edilir.

Amnesty International bazar ertəsi Xorvatiya, Sloveniya və qaçqınların marşrutunda yerləşən digər ölkələri qaçqınlara etinasız münasibət göstərməkdə ittiham edib.
Bu arada isə, Almaniya, Avstriya və İsveçə qaçqınlar və sığınacaq axtaranlar gəlməkdə davam etdikcə, həmin ölkələrdə anti-miqrant əhval-ruhiyyəsi də güclənir.
Proqnozlara əsasən, bu ilin sonunadək Almaniyaya qələn qaçqınların sayı bir milyonu aşacaq.

Avstriyada qaçqınların sayı isə artıq ötənilki rəqəmdən 3 dəfə çoxdur.
Minlərlə miqrantı qəbul edən, onların yemək və digər yaşayış ehtiyaclarını təmin edən Avropa hökümətlərini isə qarşıda gələn uzun qış mövsümü gözləyir.
Qışın ardınca isə yaz gələcək, və miqrantlarla dolu qayıqlar yenidən riskli dəniz səyahətinə yola çıxacaq.





