Erdoğan Aİ rəsmiləri ilə miqrant böhranını müzakirə edəcək

Şəklin mənbəyi, AFP

Türkiyə prezidenti Recep Tayyip Erdoğan Brüsseldə miqrant böhranı ilə bağlı Avropa İttifaqının rəsmiləri ilə danışıqlar aparacaq.

Türkiyə azı iki milyon suriyalı qaçqının "evidir" və Avropaya səyahət etməyə çalışanlar üçün əsas çıxış mərkəzlərindən biridir.

Hesab edilir ki, müzakirələr zamanı Aİ rəsmilərinin Türkiyədə daha çox düşərgələr üçün maliyyə yardımı təklif edəcək.

Cənab Erdoğanın isə Suriyada müharibənin dayandırılması üçün Aİ-nin daha geniş iştirakına təkid edəcəyi gözlənilir.

Aİ liderləri ümid edirlər ki, düşərgələr daha yaxşı olarsa və qaçqınların səhiyyə xidməti və iş yerlərinə çıxışı varsa, sığınacaq axtaranlar Türkiyədə qala bilərlər, müxbirlər xəbər verir.

Şəklin mənbəyi, Reuters

Aİ-nin, həmçinin qaçaqmalçılarla mübarizə aparmaq üçün sahil boyu Türkiyənin patrul xidmətinə kömək etmək hüququ tələb edəcəyi də gözlənilir.

Aİ, maliyyə yardımı ilə yanaşı türkiyəli yolçular üçün viza məhdudiyyətlərini aradan qaldırılması prosesini sürətləndirmək və daha çox suriyalının Avropaya köçürülməsi barədə təkliflər də edə bilər.

Bazar günü cənab Erdoğan Fransanın Strasburq şəhərində Avropa ölkələrinin miqrasiya siyasətini tənqid edib.

O, bəyan edib ki, ölkəsi Suriyadan olan iki milyon qaçqına "ev sahibliyi etməklə" Avropa və dünyaya "insanlıq dərsi" keçib, AP agentliyi xəbər verib.