FİFA: Sepp Blatter-ə qarşı cinayət işi açılıb

Şəklin mənbəyi, PA
İsveçrə prokurorluğu dünya futbol qurumu olan FİFA-nın rəhbəri Sepp Blatter-ə qarşı cinayət işi açıb.
Baş prokurorluq bildirib ki, ona qarşı cinayət işi “təsərrüfatsızlıq və mənimsəmədə şübhəli bilindiyi üçün” açılıb.
Cənab Blatter sorğu-suala tutulub və onun ofisində axtarış həyata keçirilib, məlumatda deyilir.
FİFA İsveçrə baş prokurorluğu ilə əməkdaşlıq etdiyini bildirib.
İsveçrə baş prokurorluğu bildirib ki, instintaq həmçinin cənab Blatter-in 2005-ci ildə Karib futbolunun rəhbəri olmuş Jack Warner-lə imzaladığı TV hüquqları müqaviləsini də əhatə edir.
Cənab Blatter 2011-ci ildə UEFA prezidenti Michel Platini-yə “etibarsız ödəmə” etməkdə də şübhəli bilinir, bəyanatda deyilir.
May ayında yeddi FİFA rəsmisi Sürix şəhərində, ABŞ hakimiyyəti tərəfindən korrupsiya ittihamları ilə həbs edilib.
Cənab Blatter 29 may tarixində beşinci dəfə FİFA prezidenti seçilib və korruspiya iddialarının ardından, 2 iyunda istefa qərarını açıqlayıb.
Onun vəzifəsini 26 fevralda keçiriləcək FİFA fövqəladə konqresində tərk edəcəyi gözlənilir.






