Daha çox Aİ ölkəsi sərhəd nəzarətini tətbiq edir

Hər gün minlərlə miqrant Macarıstandan Avstriyaya keçir

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Hər gün minlərlə miqrant Macarıstandan Avstriyaya keçir

Daha çox Avropa İttifaqı ölkəsi miqrant axınının öhdəsindən gəlmək üçün sərhəd nəzarətini həyata keçirəcəyini bildirib.

Avstriya, Slovakiya və Niderland bildirib ki, onlar sərhəddə nəzarəti gücləndirəcəklər. Bundan əvvəl isə Almaniya Avstriya ilə arasında sərhəd nəzarətini tətbiq edib.

Macarıstanda isə gücləndirilmiş yeni sərhəd nəzarəti qaydaları çərşənbə axşamı qüvvəyə minir.

Yeni tədbirlər Aİ-nın azad hərəkətlə bağlı Şenqen razılaşmasını sual altında qoyur.

Bu arada, Avropa daxili işlər nazirləri miqran böhranı ilə bağlı Brüsseldə təcili danışıqlara başlayıblar.

Aİ dövlətləri rekord həddə çatan miqrant axınının öhdəsindən gəlməkdə çətinlik çəkirlər. Miqrantların əksəriyyəti Almaniyaya üz tutur.

Avstriya polisi bildirib ki, bazar ertəsi Macarıstandan 7000 nəfərə yaxın miqrant daxil olub. Bazar günü ölkəyə daxil olan miqrantların sayı isə 14 min olub.

“Əgər Almaniya sərhət nəzarətini davam etdirərsə, Avstriya gücləndirilmiş sərhəd nəzarətini həyata keçirməlidir,” Avstriyanın vitse kansleri Reinhold Mitterlehner bildirib.

Şenqen razılaşmasına görə, fövqəladə vəziyyətlərdə, maksimum iki aya müddətinə, müvəqqəti sərhəd nəzarəti həyata keçirilə bilər.

"Hüquqi qeyri-müəyyənlik"

Avropa ölkələri, miqrant axınının öhdəsindən gəlmək üçün, fərqli sərhəd qaydaları tətbiq etdiyindən, minlərlə miqrant “hüquqi qeyri-müəyyənliklə” üzləşə bilər, BMT qaçqınlarla iş üzrə agentliyi (UNHCR) xəbərdarlıq edib.

UNHCR Avropadakı miqrantların "hüquqi qeyri-müəyyənlikdə" qala biləcəyindən narahatlığını bildirib

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, UNHCR Avropadakı miqrantların "hüquqi qeyri-müəyyənlikdə" qala biləcəyindən narahatlığını bildirib

Təşkilat, miqrantların gəldiyi ölkələrdə Avropa tərəfindən idarə olunan böyük qəbul məntəqələrinin yaradılmasına çağırıb.

Bəyanat, Almaniyanın Avstriya ilə sərhəddə nəzarəti tətbiq etməsinin ardından verilib.

<bold>Həmçinin oxuyun: <link type="page"><caption> Almaniya “sərhəd nəzarətinə başlayır”</caption><url href="http://www.bbc.com/azeri/international/2015/09/150913_migrant_crisis" platform="highweb"/></link></bold>

Aİ daxili işlər nazirlərinin görüşündə 160 min miqrantın, məcburi kvotalarla, 23 Aİ ölkəsi arasında bölüşdürüləməsi planının müzakirəsi gözlənilir.

Həftə sonu keçirilmiş hazırlıq danışıqlarında heç bir razılıq əldə olunmayıb.

Avropa bütünlükdə miqrant axını ilə mübarizədə çətinliklə üzləşib. Miqrantların əksəriyyəti Suriyadan olsa da, Əfqanıstan, Eritreya və digər ölkələrdən gələn miqrantlar da var.

Gələnlərin əksəriyyəti Yunanıstan və Macarıstan kimi ölkələrdə qeydiyyatdan keçməkdən imtina edir. Əks halda onlar Almaniya və digər Aİ ölkələrində sığınacaq ala bilməyəcəklərindən ehtiyat edirlər.

UNHCR bildirib ki, Avropaya pənah gətirmiş miqrantlar “hüquqi qeyri-müəyyənlikdə qala bilərlər”.

Durmadan axın edən miqrantlar Yunanıstandan Makedoniyaya, oradan Serbiya və Macarıstana və nəhayət Avstriya və Almaniyaya səfər edirlər.

Çex Respublikası da miqrant axını ilə bağlı Avstriya ilə sərhəd nəzarətini gücləndirəcəyini bildirib.

Macarıstan isə Serbiya ilə sərhəddə dörd metr hündürlükdə olan hasarı çərşənbə axşamı tamamlamağı hədəfləyir.