Miqrant böhranı: Yunanıstana minlərlə adam gəlib

Şəklin mənbəyi, EPA
Hökümətin miqrant problemini həll etməyə çalışdığı bir vaxtda Yunanıstana minlərlə adam gəlməkdədir.
4200 nəfərdən çox insanı daşıyan iki gəmi Lesbos adasını tərk edərək Pirey limanına çatıb.
Bütün Avropa İttifaqı görünməmiş miqrant axını ilə mübarizə aparmağa çalışır.
Macarıstan bir qrup miqrantın Avropa İttifaqının digər ölkələrinə keçməsinin qarşısını almaq üçün Budapeştdəki qatar stansiyasını bağlayıb. Hazırda, əsasən Almaniyaya getməyə çalışan, 2 minədək miqrant Keleti stansiyasının qarşısında toplaşıb.
Stansiyanın qarşısında cərgəyə düzülən polislər əraziyə heç kəsi buraxmırlar, BBC müxbiri hadisə yerindən xəbər verir.

Şəklin mənbəyi, EPA
Nick Thorpe miqrantlar arasında hiddət və məyus hissinin hökm sürdüyünü bildirir.
Dublin razılaşmasına əsasən sığınacaq üçün müraciət edənlər ilk gəldiyi ölkə ərazisində qeydiyyatdan keçməlidirlər. Hərçənd ki, miqrantların daxil olduğu ilk Aİ ölkələri - İtaliya və Yunanıstan bu tələbə əməl edə bilmədiyini deyirlər.
Bazar ertəsi miqrantları qeydiyyata almaq səylərindən vaz keçən Macarıstan Almaniya və Avstriyaya getmək istəyən yüzlərlə adama səyahətlərini davam etdirməyə icazə verib.
Aİ-nin sərhəd xidməti Frontex bildirir ki, təkcə ötən həftə 23000 miqrant Yunanıstana gəlib. Bu əvvəlki həftədən 50 faiz artım deməkdir.

Şəklin mənbəyi, Reuters
Bu il Yunanıstana 160 min insan gəlib, bu rəqəm də ötən ilkindən çoxdur.
Hökümət miqrantlara yardım üçün resurs çatışmazlığının olduğunu söyləsə də, yardım qrupları hökümətdən daha çox fəalliyyət tələb edir.
Çərşənbə axşamı Yunanıstan prezidenti Prokopis Pavlopoulos fransalı həmkarı Francois Hollandeyə zəng edərək ölkəsindəki vəziyyətin müzakirəsi üçün yüksək Avropa məmurlarının görüşünü istəyib.

Şəklin mənbəyi, AP
Yunanıstanın yardım kabineti çərşənbə günü iclas keçirəcək.
Daha çox miqrantın toplaşdığı Lesbos adasında təkcə ötən həftə 17500 miqrant qeydiyyatdan keçib, Kathimerini qəzeti yazıb.
Ötən gün axşam 1749 miqrant daşıyan bir gəmi Lesbos adasından Afinanın Pirey limanına çatıb.
İşam adlı sərnişinlərdən biri Reuters agentliyinə deyib ki, "Siz bizə kömək etməlisiniz. Biz insanıq".
Daha 2500 nəfərsə başqa gəminin göyərtəsində gözləyir. Onlar çərşənbə günü yarımadaya çatmalıdırlar.






