Ukrayna idxalı qadağan edilən Rusiya kitablarının siyahısını açıqlayıb

Şəklin mənbəyi, Reuters
Ukraynanın Gömrük Xidməti ölkə ərazisinə keçirilməsi yasaqlanan 38 Rusiya kitabından ibarət siyahını dərc edib.
Qadağan edilmiş nəşrlər arasında “Novorossiya” layihəsinə dəstəyilə tanınan ifrat sağçı filosof Аleksandr Duqinin, radioaparıcı Sergey Dorenkonun, yazıçı Eduard Limonovun və prezident Vladimir Putinin müşaviri, iqtisadçı Sergey Qlazyevin kitabları var.
Ukrayna Gömrük Xidməti bildirir ki, qadağa “nifaq, ayrıseçkilik və separatizm” ideologiyasının və “dezinformasiya”nın qarşısının alınması üçün tətbiq olunur.
İnternet dövründə qadağa
Məlumata əsasən, kitabların qadağa siyahısına salınması barədə təkliflə Gömrük Xidmətinə Dövlət Teleradio Komitəsi müraciət edib. Avqust ayının əvvəlində həmin müraciətin təmin olduğu bildirilir.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi məlumatı şərh edərkən yazıçı Aleksandr Qriboyedovun “Ağıldan bəla” hekayəsinin son hissəsindən iqtibas gətirib. "Kitabların hamısını alıb yandırsa idin", - Mariya Zaaxarova Facebook səhifəsində yazıb.
Adı siyahıda qeyd olunan müəlliflərdən biri, Sergey Dorenko isə internet dövründə qadağanın səmərəliliyinə şübhə etdiyini deyib. O, həmçinin qadağan edilmiş kitabın müəllifi olması barədə məlumatı təkzib edib.
Siyahılar
Ötən həftənin sonunda Ukraynanın Mədəniyyət Nazirliyi ölkənin təhlükəsizliyinə “hədə təşkil edən” 14 Rusiya mədəniyyət xadiminin adını əks etdirən siyahını açıqlayıb.
Adları siyahıda olanların vaxtilə Krımın ilhaqı və müstəqilliyini elan etmiş Donetsk və Luhansk bölgələrinə dəstək bildirdiyi qeyd olunur.
Mədəniyyət Nazirliyinin hazırladığı sənəddə Oleq Qazmanov, İosif Kobzon, Nikolay Rastorquyev, Valeriya və Mixail Boyarski ilə yanaşı 2013-cü ildə Rusiya vətəndaşlığını almış fransız aktyoru Gerard Depardieu-nin adı da əks olunub.
Belə bir sənədin hazırlandığı əvvəl də məlum olub. Lakin ona daxil edilmiş adların tam siyahısı ilk dəfədir ki, ötən həftə açıqlanmışdı.




