Qeysər kəsiyi təbii doğuşa qarşı: Hansı daha yaxşıdır?

Şəklin mənbəyi, Getty
- Müəllif, Valeria Perasso
- Vəzifə, BBC
Son illərdə qeysər kəsiyi ilə doğuşların sayı artıb. Bu cərrahiyyə əməliyyatının bütün doğuşların 56 faizində istifadəsi Braziliyada lüzumsuz əməliyyatlara dair tədbirlərin görülməsinə səbəb olub.
Dünya Səhiyyə Təşkilatı isə bildirir ki, bu meyl qlobal şəkil alıb və hər bir ölkədə bunun səbəbləri müxtəlif ola bilər.
Braziliyada qeysər kəsiyi ilə doğuş üçün indi iki sənəd tələb olunur: gələcək ananın razılığı və bu əməliyyatın zəruriliyi barədə həkim qərarı.
Bu Latın Amerikası ölkəsində qeysər kəsiyini “qeysər epidemiyası” adlandırırlar. Cərrahiyyə əməliyyatı hamilə qadının qarın nahiyəsində kəsik açılması ilə uşağın çıxarılmasından ibarətdir.
İndi 200 milyonluq əhalisi olan Braziliyada doğulan uşaqların yarısı bu üsulla dünyaya gəlir. Əslində bu əməliyyat, təbii doğuş risk təşkil edəndə həyata keçirilməlidir.
Lakin son vaxtlarda belə əməliyyatlar əvvəlcədən, hamilə qadının istəyi ilə və həkim qərarı olmadan edilir.
Qeysər kəsiyi təkcə Braziliyada məşhur deyil, bu, bütün dünyada yayılmış doğuş növüdür.
<italic>Sizi bu məqalə də maraqlandıra bilər: <link type="page"><caption> Döşlə əmizdirmə "depressiya riskini azaldır"</caption><url href="http://www.bbc.com/azeri/international/2014/08/140819_breastfeeding_cuts_depression" platform="highweb"/></link></italic>
“Mən bu sahədə 35 ildir ki, çalışıram və son illərdə qeysər kəsiyi əməliyyatlarının sayı xeyli artıb. Çox mühümdür ki, belə əməliyyatlar yalnız buna zəruri tibbi ehtiyacı olan qadınlar üzərində keçirilsin” – deyir DST Reproduktiv Sağlamlıq Departamentinin rəhbəri Marylin Temmerman.
Həyəcanlı göstəricilər
Dünya ekspert icmasının bu barədə rəyi belədir ki, hər bir ölkədə bütün doğuşların yalnız 10-15 faizinin qeysər kəsiyi ilə baş verməsi normal sayıla bilər.

Şəklin mənbəyi, AFP
Bu rəqəmlər təsadüfən müəyyən edilməyib. Müşahidə olunub ki, doğuşların 10 faizində qeysər kəsiyindən istifadə edən ölkələrdə ana və uşaq ölümünün səviyyəsi aşağı olur.
Lakin bu rəqəmin deyək ki, 15 faiz və daha çox olmasının ana və uşaq ölümünün statistikasını yaxşılaşdırdığına dair məlumatlar yoxdur.
Qeysər kəsiyi əməliyyatlarının faizinə görə Braziliya və Dominikan Respublikasından (56 faiz) sonra Misir (51, 8 faiz), Türkiyə (47, 5 faiz) və Avropanın “qeysər kəsiyi çempionu” sayılan İtaliya (38, 1 faiz) gəlir.
Meksika, İran və ABŞ-da da qeysər kəsiyi əməliyyatlarının faizi normadan yüksəkdir.
Maraqlıdır ki, siyahının yuxarı başında Çinin adı yoxdur. Bu ölkədə doğuşların yalnız 25 faizi qeysər kəsiyi ilə baş verir. Lakin bu əməliyyatların 32 faizi tamamilə lüzumsuz sayıla bilər.
Ananın seçimi, yoxsa böyük biznes?
Braziliyada qəbul edilmiş son qanunvericilik aktlarına görə, həkimlər qeysər kəsiyi barədə qərarın qəbul edilməsi üçün hamilə qadına bütün şəraitin yaradılmasını təmin etməlidirlər.
Axı cərrahiyyə əməliyyatları getdikcə daha az təhlükəli olsa da, hər halda bu zaman ana və uşaq üçün müəyyən risk qalır. Lakin necə olub ki, qeysər kəsiyi ilə doğuşlar istisnadan qaydaya çevrilir?
Ekspertlər hesab edirlər ki, belə əməliyyatlar 1990-cı illərdə tənzimlənənə qədər Braziliya qadınları bir əməliyyatla iki problemi həll edə bilirdilər. Onlar həm uşağı ağrısız dünyaya gətirir, həm də daha doğmaq istəməyənlər eyni əməliyyat zamanı uşaqlıq borularını bağlatdırırdılar.
Məhz bu, qeysər cərrahiyyəsini cazibədar edirdi. Planlı qeysər əməliyyatlarının tərəfdarları iddia edirlər ki, belə doğuşlar gecikmiş analıq və çoxdöllü hamiləlik zamanı daha əlverişlidir.
Cərrahiyyə əməliyyatları həkimlərə də əl verir. Onlar gələcək analardan gözlənilməz çağırış zəngləri eşitməkdən və sonra əsl doğuşu saatlarla gözləməkdənsə, planlı doğuşa üstünlük verirlər.
İqtisadi sərfəlik

Şəklin mənbəyi, Getty
Belə doğuş iqtisadi baxımdan da sərfəlidir.
"Belə bir fikir geniş yayılıb ki, qeysər kəsiyi doğuş mənasında qızıl standartdır. Tibb icması inandırmağa çalışır ki, əməliyyat müasir və təmizdir, təbii doğuş isə qorxulu, primitiv və çirkli prosesdir” – deyir San Paolo Universiteti Tibb fakültəsindən həkim Simona Dinnis.
Dinnis əmindir ki, təbii yolla doğmaq istəyən qadınlar həkim və tibb bacılarının təzyiqini hiss edirlər. Çünki burada söhbət pul maşınından gedir.
Braziliyada pulsuz səhiyyə mövcud olsa da, daha təminatlı təbəqə özəl sığortaya pul ödəyir. Təəccüblü deyildir ki, qeysər kəsiyi ilə doğuşların sayı məhz pullu klinikalarda sürətlə artır.
İtaliyada aparılmış rəy sorğusu göstərib ki, qadınlar qeysər kəsiyi əməliyyatını onun ağrısızlığına və daha az zədəli olmasına görə seçirlər. Onların fikrincə, bu zaman qanaxma riski azalır.
Beləliklə, qeysər kəsiyi barədə qərar qadının hüququna çevrilir.
2013-cü ildə “BMC Pregnancy and Childbirth” jurnalında dərc olunmuş araşdırma nəticələrindən bəlli olur ki, qadınların 33 faizi qeysər kəsiyini məhz doğuşun ağrısızlığına görə seçir.
"Söhbət səhiyyə siyasətindən gedir. Bu sistem doğuş mərkəzlərində epidural anesteziyanın tətbiqinə heç də həmişə təminat vermir” – deyir İtaliyada bu problemi araşdırmış DST eksperti Ana Pilar Betrand.
Doğmaq dəbdə deyil

Şəklin mənbəyi, AFP
Bir çox regionlarda isə qadın vücudunun gözəlliyinə məftunluq öz rolunu oynayır. Təbii yolla doğan qadınların bir çoxu uşağın zədələnməməsi üçün başqa bir cərrahiyyə əməliyyatına – epiziotomiyaya məruz qalırlar. Lakin elə qadınlar da var ki, onlar üçün bu üsul cazibədar görünmür.
“Bu qadınlar uşaqlıq yolunun “toy günündə” olduğu şəkildə qalmasını istəyirlər” – deyir Temmerman.
“Latın Amerikasında qadın üçün doğuşdan sonra da seksuallığı saxlamaq həssas məsələdir” – deyir doktor Dinnis.
Onun sözlərinə görə, qeysər kəsiyi əməliyyatları Çili və Argentinada da artır.
Digər tərəfdən, qeysər kəsiyi əməliyyatı, uğursuz doğuşların məhkəmə çəkişmələrindən qorxan həkimlər üçün də əlverişlidir. Bu məsələ xüsusilə də ABŞ-da kəskindir. Orada doğuşu qəbul edən həkimin səhvi milyonlarla dollarlıq iddialarla nəticələnə bilir. Lakin lüzumsuz qeysər kəsiyi əməliyyatlarına görə, birincilik Çinə məxsusdur. Orada valideynlər yerli ənənəyə uyğun olaraq övladlarının müəyyən bir gündə doğulmasını planlaşdırmaq istəyirlər.
Üstəlik Çində çox vaxt doğuş zamanı uzaq qohumlar da xəstəxanaya gəlirlər və bu, bir növ böyük ailə tədbirinə çevrilir. Əksinə Niger, Çad, Efiopiya və Burkina Faso kimi Afrika ölkələrində qeysər kəsiyi bütün doğuşların yalnız 2 faizində keçirilir. Bunun özü də sağlamlıq baxımından təqdirəlayiq hal deyil.
İdeal sayılan 15 faizə Hollandiyada riayət olunur. Bu ölkədə evdə doğmaq dəbə minib. Ənənə tərəfdarlarının fikrincə, doğuş ağrı-acısı ilə təbii olmalıdır. Bu zaman hamilə qadının yanında ağrıkəsən tibb heyəti yox, adi mamaça olur.
Holland qadınların 65 faizi uşaqlarını evdə dünyaya gətirir.




