Döşlə əmizdirmə "depressiya riskini azaldır”

Şəklin mənbəyi, BBC World Service
- Müəllif, James Gallagher
- Vəzifə, Səhiyyə redaktoru, BBC News
Britaniyada keçirilmiş elmi araşdırmaya əsasən, döşlə əmizdirmə doğuşdan sonrakı depressiya riskini 50 faiz azalda bilir.
Cambridge universiteti tədqiqatçıları doğuş edən 14,000 qadını müşahidə edərək bu nəticəyə gəliblər.
Eyni zamanda tədqiqatçılar döşlə əmizdirmək arzusunda olan, lakin buna nail ola bilməyən anaların depressiyaya məruz qalmaq riskinin yüksək olduğunu da müşahidə ediblər.
“Maternal and Child Health” jurnalında dərc edilmiş araşdırma müəllifləri döşlə əməzidirməyə uğursuz cəhdlər edən analara daha çox dəstək göstərilməyə çağırıblar.
Dünya Səhiyyə Təşkilatı (WHO) ilk 6 ay ərzində körpələrə ana südü verməyi məsləhət görür və bunun körpənin sağlamlığı üçün faydasını qeyd edir.
"Yüksək risk"
Uşaq doğduqdan sonra orta hesabla hər 10 anadan birində depressiya başlayır.
Cambridge universiteti tədqiqatçıları İngiltərənin cənub-qərbində 13,998 doğuş hadisəsini təhlil ediblər.
Araşdırmaya əsasən, döşlə əmizidirən analarda depressiya riski 50 faiz azalıb.

Şəklin mənbəyi, BBC World Service
Körpəsinə öz südünü vermək istəyən, lakin buna nail ola bilməyən analarda isə depressiyaya məruz qalmaq riski 2 dəfə artıb.
Tədbir gürülməlidir
Tədqiqatçılardan doktor Maria Iacovou, BBC-ə danışarkən bu problemə diqqət artırılmalsının vacibliyini qeyd edib.
"Körpəsinə ana südü verilməsinin faydasını qadınlara bildirməyin vacib olması ilə yanaşı, döşlə əmizdirməyə çalışan analara daha çox qayğı göstərilməli, bunu arzulayıb lakin edə bilməyənlərin isə daha yüksək risk altında olduğu etiraf olunmalı, həkimin həmin analara nəzarəti gücləndirilməlidir", Maria Iacovou davam edib.
Müşahidə edilən effekt döş əmizdirməsi zamanı qadınlarda xoş əhval-ruhiyyə yaradan hormonların fəallaşması ilə izah olunur.
Depressiyanın yaranmasını isə doktor Iacovou bəzən qadınların körpələrinə döş südü verə bilməmələrini "analıq funksiyasının qüsuru" kimi qəbul etməsilə bağlayır.
Onun təbirincə, ananın sağılamlığının keyfiyyəti körpəyə də müsbət təsir göstərir.
NCT Valideynlik xeyriyyəsinin böyük məsləhətçisi Rosemary Dodds isə doğuşdan sonra "anaların ağrılardan, yuxusuzluğdan və rahatsızlılq kimi sindromlardan" əziyyət çəkdiklərini qeyd edir.
"Döşlə əmizdirmə anaları əsəb və stressdən azad edir, onları ruhən sağlamlaşdırır, neqativ tendensiyaların qarşısını alır", Rosemary Dodds deyir.
Azı hər 10 gənc anadan birinin doğuşdan sonrakı depressiyaya məruz qaldığını qeyd edən ekspert bu mövzuda tədqiqatların davam etdirlməsinin alqışlandığını vurğulayıb.




