ABŞ: Uşaq doğuşu üçün ən təhlükəli varlı ölkə

Şəklin mənbəyi, AFP
İnkişaf etmiş ölkələr arasında uşaq doğuşu zamanı qadının ölüm ehtimalı ABŞ-da daha yüksəkdir.
ABŞ-da uşaq doğuşu zamanı ananın ölməsi ehtimalı Belarusdakından 10 dəfə artıqdır.
"Save the Children" təşkilatının dərc etdiyi hesabata əsasən, varlı ölkələr arasında doğuş zamanı ananın ölməsi ehtimalı ABŞ-da daha yüksəkdir.
"State of the World’s Mothers 2015" adlı hesabatın nəticələrinə əsasən, Amerika qadını üçün hamiləlik dövründə və ya doğuş zamanı ölüm ehtimalı Avstriydakı və ya Polşa və Belarusdakı qadın üçün hesablanmış ehtimaldan orta hesabla 10 dəfə daha yüksəkdir.
Rifah əmsalına görə ABŞ dünyanın dördüncü ölkəsi sayılsa da, "Save the Children" təşkilatının hesabatında doğuş zamanı ölüm hallarına görə dünya ölkələri arasında 33-cü yeri tutub, bu isə keçən ildəki göstəricidən iki pillə geridir.
Ən geridə qalmış paytaxt
Körpə ölümü riski inkişaf etmiş ölkələrin 25 paytaxtı arasında Vaşinqtonda daha böyükdür.
2013-cü ildə hər 1000 doğuşa 6,6 ölüm halı qeydə alınıb.
Bu, ABŞ-ın Kolumbiya dairəsi üçün ən aşağı göstərici sayılsa da, Stokholm və Tokio üçün müvafiq göstəricilərdən 3 dəfə çoxdur.
Vaşinqtonun yoxsul rayonlarında isə uşaqlar arasında ölüm hadisələri varlı rayonlardan olan uşaqlar üçün müvafiq göstəricini 10 dəfə üstələyir.
Şəhər əhalisinin sayı artdıqca, varlı və yoxsul uşaqların sağlamlıq durumu arasında fərq də artmaqdadır.
Varlı-yoxsul fərqi

Şəklin mənbəyi, Save the Children
Hesabatda Kampala və Əddis-Əbəbə şəhərləri də daxil olmaqla dünyanın paytaxt şəhərlərində doğuş zamanı anaların və körpələrin ölüm əmsalının azalması qeyd olunub.
Lakin eyni zamanda həmin statistikanın, əsasən, yalnız varlı sakinlər üçün müsbət olduğu, varlı və yoxsul uşaqlar arasında ömür müddəti fərqinin artdığı vurğulanıb.
Yoxsul ölkələrdə yoxsul şəhər uşaqları arasında ölüm riski digər həmyaşıdlarına nisbətən 3-5 dəfə çoxdur.
Bu fərq xüsusilə Bangladesh, Qana, Hindistan, Keniya, Nigeriya, Peru and Vyetnam kimi ölkələrdə daha çox nəzərəçarpandır.
Bununla belə, Misir paytaxtı Qahirədə və Qvatemala Siti şəhərlərində körpələr arasında ölüm halları əmsalının azaldığı, həmin şəhərlərdə yoxsul və varlı ailələrin uşaqları arasındada ölüm əmsalında fərqin nisbətən daha az olduğu bildirilib.

Şəklin mənbəyi, CJ Clarke Save the Children
İrəlidə və axırda gedənlər
Sıralamada ön cərgədə Şimali Avropa ölkələri gedir – ilk beşlikdə Norvec, Finlandiya, İslandiya, Danimarka və İsveç yer alıblar.
İlk 30 ölkədən 25 ölkə Avropada yerləşir.
Afrikada ərazisində müharibə getdiyi ölkələr cədvəlin dib hissəsində yer alıblar – Mali, Mərkəzi Afrika Respublikası, Konqo Demokratik Respublikası və Somalidə vəziyyət daha acınacaqlıdır.
Çədvəldə bəzi ölkələrin tutduğu yerlər də maraq doğurur, belə ki 179 ölkə arasında Britaniya - 24-cü, Rusiya - 56-cı, Çin - 61-ci, Türkiyə - 65-ci, İran - 84-cü, Azərbaycan - 90-cı, Özbəkistan - 118-ci, Hindistan - 140-cı, Pakistan - 149-cu, Əfqanıstan - 152-ci yeri tutub.




