FİFA qalmaqalı: Qlobal oyuna ABŞ niyə "polislik" edir?

Şəklin mənbəyi, Getty
“Amerika heç futbolu sevmir də…Elə isə FİFA-dakı korrupsiya iddiaları ilə bağlıl təhqiqata niyə o başçılıq edir?” – BBC-nin Vaşiqnton müxbiri Paul Blaek yazır.
“FİFA o qədər ölkəni gözüm-çıxdıya salıb ki…” - bu təşkilatdan etiraz olaraq istefa vermiş keçmiş antirüşvət müşaviri Alexandra Wrage deyir.
Onun fikrincə, rüşvət qalmaqalı beynəlxalq şəkil aldığından bura ABŞ-ın Ədliyyə Nazirliyi müdaxilə etməli olub.
ABŞ niyə bu işə müdaxilə edib?
İsveçrədə FİFA vəzifəlilərinin həbsindən dərhal sonra çıxış edən Federal Təhqiqatlar Bürosunun direktoru James Comey bəyanat verib: “Əgər siz istər görüşlər, istərsə də bizim dünya səviyyəli maliyyə sistemimiz vasitəsilə öz korrupsiyalı biznesinizi bizim sahillərə toxundurursunuzsa, onda siz bu korrupsiyaya görə məsul ediləcəksiniz.”
Xarici vətəndaşları mühakimə etmək üçün ABŞ hakimiyyət orqanlarına həmin şəxslərin Birləşmiş Ştatlarla hər hansı kiçik əlaqəsini isbat etmək kifayətdir.
Çərşənbə günü elan edilmiş ittihamlardan isə görünür ki, burada söhbət kiçicik əlaqələrdən yox, oyunun ürəyinə ABŞ-da endirilən zərbədən gedir.
İttihamlar əsasən yarışlara bazar və media girişinə dair kontraktları satın almaq istəyən marketinq vəzifəlilərinin “sistematik qaydada verdikləri rüşvət və şapkalara” aiddir.
Bu rüşvətlər isə bəzən ABŞ-da keçirilən görüşlər zamanı və ya ABŞ banklarına köçürmələr vasitəsilə verilib.
ABŞ-ın təhqiqata başlamasına nə təkan verib?
Çərşənbə günü keçirilən mətbuat konfransında Nyu York Şərq Sahəsinin prokuror əvəzi Kelly Currie deyib ki, bu rüşvət və korrupsiya iki onillik ərzində davam edib və təhqiqatın özü üçün illərlə vaxt lazım gəlib.
Amma konkret olaraq təhqiqata başlanmasına qığılcımı nəyin verdiyini demək çətindir. Bəziləri bunu 2010-cu ildə ABŞ-ın dünya çempionatının ev sahibliyi üçün uğursuz cəhdi ilə əlaqələndirirlər. Onların fikrincə, bu prosesdə məhz rüşvətin olması ev sahibliyini ABŞ-ın burnunun altından Qətərə verib.
“Böyük Sirk: Olimpiya Oyunlarına və Dünya Çempionatlarına Ev Sahibliyinin Arxasındakı İqtisadi Qumar” (Circus Maximus: The Economic Gamble Behind Hosting the Olympics and the World Cup) kitabının müəllifi Andrew Zimbalist məhz bu qənaətdədir.

Şəklin mənbəyi, Reuters
O bildirir ki, ABŞ-ın Dünya Çempionatına ev sahibliyi üçün cəhdi baş tutmayanda bir çox Amerika rəsmiləri bunun arxasında rüşvətin olduğundan şübhələnmişdilər.
O deyir ki, görünür, Ədliyyə Nazirliyi izləmə prosesinə elə o vaxtdan başlayıb.
Ev sahibliyinin Qətərə verilməsi həm də bu ölkədəki qızmar yay temperaturlarına görə şübhə oyatmışdı. FİFA çempionatın bu ölkədə keçirilə bilməsi üçün hətta ənənəvi çempionat vaxtını iyun-iyuldan noyabr-dekabra keçirməli olub.
FİFA vəzifəlilərinin həbsinin ardınca İsveçrənin hakimiyyət orqanları bildiriblər ki, onlar 2018 və 2022-ci ilin çempionatlarına ev sahibliyi səsverməsinə dair təhqiqata başlayıblar.
ABŞ-ın bu işlə əlaqəsi nə dərəcədə dərindir?
FTB xəfiyyələri çərşənbə günü FİFA-nın Şimali və Mərkəzi Amerika, Karib hövzəsindəki bölümü – Concacaf-ın Mayamidəki ofisinə reyd keçiriblər.
Barələrində cinayət işi qaldırılan iki şəxs Jeffrey Webb və Jack Warner Concacaf-ın hazırkı və keçmiş prezidentləridirlər.

Şəklin mənbəyi, Getty
Hüquq-mühafizə orqanlarının bu reydi nə məqsədlə keçirdikləri bilinmir, lakin ittihamların əksəriyyəti rüşvət və “şapka”larla bağlıdır.
Burada söhbət Concacaf regionunda futbol üzrə seçmə oyunlarının, habelə Qızıl Kubok və Concacaf Çempionlar Liqası oyunlarının marketinq hüquqlarının satılmasından gedir.
ABŞ-ın baş prokuroru Lynch deyib ki, idman tədbirlərinin marketinq hüquqlarına dair kontraktların verilməsi prosesində futbol rəsmilərinin cibləri 110 milyon dollarlıq rüşvətlə doldurulub.
Concacaf-ın bundan əvvəl də problemləri olub.
Təşkilat 2012-ci ildə ABŞ vergi orqanlarına müraciət edərək bir neçə il ərzində vergi ödəmədiyini etiraf edib.
Bu təşkilatın başında duranlardan Chuck Blazer həm də FİFA İcraiyyə Komitəsinin üzvü olub.
O, 2013-cü ildə korrupsiya üzrə bir neçə ittihamda özünü təqsirli bilib.
Bir neçə ay bundan əvvəl xəbər verilmişdi ki, cənab Blazer ABŞ hakimiyyət orqanlarının xəbərçisi funksiyasını yerinə yetirirmiş.
New York Daily News qəzeti yazır ki, cənab Blazer 2012-ci ildə Londonda keçirilən Olimpiya Oyunlarının kuluarlarında futbol rəsmiləri ilə söhbətlər edib və bu zaman onun üstündə gizli mikrofon olub.
Bu xəbərə hələlik rəsmi reaksiya verilməyib.





