Gürcüstan: artan Rusiya meylləri

Şəklin mənbəyi, AFP
Gürcüstan rəsmiləri Avropa İttifaqının Riqa sammitindən nəzərəçarpacaq dəstək gözləyirlər ki, ölkədə artmaqda olan Rusiya meyllərinin qarşısı alınsın.
Lakin indi aydın olur ki, Brüssel Gürcüstan üçün vizasız gediş-gəliş rejimi tətbiq etməyə və hətta onun gələcəkdə ittifaq üzvü olacağına dair qəti bəyanat verməyə hazırlaşmır. Belə bir şəraitdə narahatlıq bundandır ki, Qərbdən usanma, gürcüləri Moskvaya doğru meylləndirə bilər.
Gürcüstan prezidenti Giorgi Margelaşvili Brüsseli Tbilisinin “gördüyü çox ciddi işin” müqabilində Gürcüstana Riqa sammitində “müvafiq reaksiya” verməyə çağırıb. O, bu çağırışı mayın 19-da Avstriya prezidenti Heinz Fischer –lə birgə keçirdiyi mətbuat konfransında səsləndirib.
Tbilisi də Kişinyov kimi Gürcüstan üçün Avropaya vizasız səfər rejimi veriləcəyinə ümid edirdi.
Lakin Avropa İttifaqının bu sammit üçün yekun bəyanatının layihə mətnindən görünür ki, Tbilisi bu sammitdə Brüsseldən elə bir əhəmiyyətli dəstək ala bilməyəcək.
Mayın 19-da Gürcüstanda çıxan “Rezonansi” qəzeti tərəfindən müsahibələri alınmış ekspertlər bildiriblər ki, hazırda ittifaq ölkələrinin başı öz daxili problemlərinə - qanunsuz mühacirət və terror təhlükəsi kimi məsələlərə qarışıb və Avropa indi genişlənmək hayında deyil.
Ekspertlər deyirlər ki, Aİ-dən gözləntilər xeyli şişirdilib və indi əhaliyə inteqrasiyanın “uzun bir proses” olduğu izah edilməlidir.
“İndi biz başlanğıc mərhələdəyik” - deyib Giorgi Kanaşvili.
Avropadan usanma
Lakin Gürcüstanın gözləntilərinin dəyişidiyini göstərən əlamətlər də var.

Şəklin mənbəyi, Getty
Ekspert Soso Tsintsadze aprelin 30-da “Rezonansi” qəzetinə deyib ki, Avropa İttiufaqı Gürcüstana böyük bir ehtimalla vizasız rejim yox, nəsə “neytral” bir təklif verəcək.
“Onlar bizə real heç nə verməyəcəklər, - deyib ekspert, - Avropa İttifaqı öz diplomatlarından məlumat alıb ki, burada əhalinin müəyyən hissəsində ittifaqdan məyusluq var. Səbəb onların bizim NATO və ya Aİ-yə qoşulmaq istəyimizə rədd cavabı verməsində deyil. Söhbət onların bizə saymazyana münasibətindən gedir”.
Rusiyaya meyllər cücərir
ABŞ Milli Demokratiya İnstitutunun bu yaxınlarda apardığı rəy sorğusu göstərib ki, məyusluq özünü Rusiyanın Avrasiya İqtisadi İttifaqına meyllərin artmasında büruzə verir.
MDİ-nin rəy sorğusundan bəlli olub ki, Avrasiya İttifaqı gürcülərin 31 faizini maraqlandırır. Bu, ötənilki nəticədən 20 faiz çoxdur. Buna baxmayaraq, Avropaya inteqrasiyanı dəstəkləyənlərin faizi hələ də yüksək olaraq qalır (59 faiz). Hər halda 2008-ci ilin müharibəsi və Rusiyanın separatçı Abxaziya və Cənubi Osetiyaya dəstək verməsi hələ yaddan çıxmayıb.
Gürcüstanın İmedi telekanalının mayın 15-də efirə getmiş “Reaksiya” proqramında ölkənin gələcəyinə dair meyllərdə Rusiyanın çəkisinin artması, milli valyutanın devalvasiyası və bununla əlaqədar yoxsulluğun artması ilə izah edilib.
Ənənə və tərəqqi
Avropa İttifaqının seksual azlıqlara daha çox hüquqların verilməsinə dair tələbləri də Gürcüstanın mühafizəkar cəmiyyətində müsbət qəbul edilmir.
Gürcü Pravoslav Kilsəsinin patriarxı 2-ci İlya ölkəsinin Avropa İttifaqına inteqrasiya siyasətini dəstəkləsə də, onun seksual azlıqlara dözümsüzlüyü davam edir.
Bundan başqa Rusiya və Gürcüstan kilsələri arasındakı ənənəvi sıx pravoslav bağları da nəzərə alınmalıdır.
Qərbə meylli ekspertlər bildirirlər ki, Moskvanın tətbiq etdiyi “zərif qüvvə” – gürcü dilində “Sputnik” internet saytı və Rusiyanın investisiya yatıran ölkələrin arasında indi artıq səkkizinci olması da Rusiyaya meylləri gücləndirir.
Ekspert Tornike Şaraşenidze xəbərdarlıq edib ki, əgər hökumət “Rusiya təbliğatının” qarşısını almaq üçün tədbirlər görməzsə, Moskva meylləri bundan sonra da arta bilər.
“Rusiya təbliğatının qarşısında tək ona görə susa bilmərik ki, biz demokratik ölkəyik. Bu işğalçı ölkədir və bu cür də qiymətləndirilməlidir” - deyib ekspert.
BBC Monitorinqin materialları əsasında hazırlanıb.




