İslam Dövləti Ramadidə mövqelərini möhkəmləndirir

Şəklin mənbəyi, BBC World Service
İslam Dövləti qruplaşması Ramadi şəhərindəki mövqelərini möhkəmləndirir. Döyüşçülər İraq şəhərini bazar günü ələ keçirib, məlumatda deyilir.
Döyüşçülər qapı-qapı gəzərək hökumət tərəfdarlarını axtarırlar və onların cəsədlərini yaxınlıqdakı Fərat çayına tullayırlar, sakinlər bildirib.
İranın dəstəklədiyi minlərlə hərbçi, şəhəri geri almaq üçün yaxınlıqdakı bazada toplaşır. İD döyüşçülərinin onlara doğru hərəkət etdiyi bildirilir.
Şəhəri minlərlə insan tərk edib. BMT humanitar böhran xəbərdarlığı edib.
Təşkilatın bildirdiyinə görə, son günlər ərzində Bağdaddan 105km qərbdə yerləşən bu şəhəri təxminən 25000 insan tərk edib. Bir çoxu açıq havada gecələməli olur.
BMT bildirir ki, onlar didərgin düşmüş insanların ehtiyaclarını ödəməyə çalışırlar. Lakin maliyyə məhduddur və ehtiyatlar demək olar ki, tükənib.
Ənbar əyalətinin qərbində yerləşən Ramadinin itirilməsi həm İraq hökuməti, həm də ABŞ üçün böyük zərbədir, BBC-nin Beyrutdakı müxbiri Jim Muir bildirir.
Şəhəri geri almaq İraq hökuməti üçün böyük problemdir. İraq hökuməti, təriqətçilik probleminə baxmayaraq şiə döyüşçülərinə müraciət etməli olub, müxbirimiz bildirib.
Polis və ordu bir neçə gün davam etmiş ağır döyüşlərin ardından şəhəri xaotik şəkildə tərk etməyə məcbur olub.
Evlər yandırılıb
Ramadidən verilən məlumata görə, küçələr tamamilə boşalıb, insanlar yemək üçün tələsik evlərini tərk etməli olurlar.
İD döyüşçüləri polis işçilərinin və hökumət tərəfdarı tayfa üzvlərinin evlərinə girirlər, Associated Press agentliyinə danışan sakinlər bildirib.
Hökumət tərəfdarı olan sünni hərbçilərin evləri və dükanları yağmalanıb və yandırılıb, anonim sakinlər bildirib.

Şəklin mənbəyi, BBC World Service
3000 şiə döyüşçünün Ramadiyə yaxın əl-Həbbaniyə hərbi düşərgəsində yerləşdiyi bildirilir. Şiə döyüşçülər İraqın sünni mərkəzində yerləşən Ramadi şəhərini geri almağa hazırlaşırlar.
Xalq Səfərbərliyi kimi tanınan şiə döyüşçülər aprel ayında İraqın başqa bir şəhəri, Bağdadın şimalında yerləşən Tikriti İD-dən geri alan əsas qüvvədir.
Baxmayaraq ki, şiə döyüşçülərin iştirakı bəzi sünni liderlər tərəfindən normal qarşılanır, bəzi Ramadi sakinləri bildirib ki, onlardan İslam Dövləti döyüşçülərindən qorxduqları qədər qorxurlar.
“Bütün hallarda biz ya qətlə yetiriləcək, ya da didərgin düşəcəyik. Bizim üçün hərbçilər və İD döyüşçüləri eyni sikkənin iki üzüdür,” Ramadidə dükan işlədən Əbu Ammar AP xəbər agentliyinə bildirib.





