İraq: Şiə döyüşçülər Ramadi ətrafında toplaşır

Ramadi, hökumət qüvvələrinin şəhəri tərk etməsinin ardından İD döyüşçülərinin əlinə keçib

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Ramadi, hökumət qüvvələrinin şəhəri tərk etməsinin ardından İD döyüşçülərinin əlinə keçib

Şiə hərbçiləri İslam Dövləti qruplaşmasına qarşı əks-hücuma keçmək üçün İraqın Ramadi şəhərinin şərqində toplaşırlar. Ramadi bazar günü İD döyüşçülərinin əlinə keçib.

İraqın dövlət televiziyası bildirib ki, tanklar və digər hərbi avadanlıq əl-Həbbaniyə hərbi düşərgəsinə daxil olub. Məlumata görə, İD döyüşçüləri bazaya doğru hərəkət edir.

İraq hökuməti, ordunun şəhəri tərk etməsinin ardından, İranın dəstəklədiyi döyüşçülərdən yardım istəyib.

Şiə qoşunları indi Ramadidən təxminən 20km məsafədə yerləşən Həbbaniyədə “gözləmə vəziyyətindədir,” Ənbar əyalət şurasının rəhbəri Sabah Karhut deyib, Reuters bildirir.

Bəyanatda deyilir ki, təxminən 3000 şiə döyüşçüsü Ənbara yetişib və “İD döyüşçüləri tərəfindən tutulmuş bütün Ramadi ərazilərinin azad edilməsində” iştirak edəcəklər.

Lakin İD döyüşçüləri də Ramadidən Həbbaniyə bazası yaxınlığındakı əl-Xalidiyə şəhərinin kənarına irəliləyiblər, İD bəyanatında və şahidlərin şərhlərində deyilir.

Döyüşlərə görə minlərlə insan şəhəri tərk etməli olub

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Döyüşlərə görə minlərlə insan şəhəri tərk etməli olub

İraq qoşunlarının şəhəri tərk etməsi nəticəsində təxminən 500 nəfərin öldüyü bildirilir.

Rəsmilərin bildirdiyinə görə, insanlar Ramadini “kütləvi şəkildə” tərk edirlər.

Lakin ABŞ bildirib ki, Ramadi şəhərinin geri qaytarıla biləcəyinə əmindir.

Xalq Səfərbərliyi kimi tanınan şiə döyüşçüləri, aprel ayında Bağdadın şimalında yerləşən Tikrit şəhərinin İD-dən geri qaytarılmasında əsas rol oynayıb. Lakin onlardan istifadə edilməsi ABŞ-ın narahatlığına səbəb olub.

Döyüşçülər geniş yayılmış zorakılıq və qarətin ardından Tikritdən çıxarılıb.

“Təmizlənmiş” şəhər?

Ramadi şəhərinin, hökumət qüvvələrinin mövqelərini tərk etməsinin ardından, İslam Dövləti (İD) qruplaşmasının əlinə keçdiyi bildirilirdi.

Bir neçə gün davam etmiş intesiv döyüşlərin ardından polis və ordu geri çəkilib.

Ramadi İraqın ən böyük əyaləti olan Ənbarın paytaxt şəhəridir və Bağdaddan 112 km qərbdə yerləşir.

İD tərəfindən verilmiş bəyanatda bildirilir ki, onun döyüşçüləri “bütün şəhəri təmizləyiblər”. Bəyanatda deyilir ki, İD 8-ci Briqadanın hərbi bazasını ələ keçirib və qoşunların buraxıb getdiyi tanklara və minaatanlara yiyələniblər.

İraq qoşunlarının Ramadidən geri çəkildiyi görünür

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, İraq qoşunlarının Ramadidən geri çəkildiyi görünür

Ənbar icra hakimiyyətindəki mənbədən BBC-yə verilən məlumata görə, Ramadi artıq İslam Dövlətinin tam nəzarətindədir və bütün hökumət qüvvələri çıxarılıb.

Baş Nazir Heydər əl-Abadi qoşunlara mövqelərində dayanmaq əmri verib və bildirib ki, o şəhərə şiə hərbçilərini göndərəcək.

Lakin ordu zabiti BBC-yə bildirib ki, qoşunların əksəriyyəti Ramadinin şərqində yerləşən Xalidiyə şəhərindəki hərbi bazaya çəkiliblər.

Hökumət qüvvələrinin silahı tükənmək üzrə olub və İD tərəfindən kütləvi qırğına məruz qala bilməzdi, o bildirib.

Sosial mediada yayılmış videodan görünür ki, əsgər dolu hərbi maşınlar Ramadidən sürətlə çıxırlar.

Xəbərlərdə deyilir ki, İraq qoşunları bazar günü bir neçə avtomobildə baş vermiş bomba partlayışlarının ardından şəhəri tərk ediblər.

Daha əvvəl cənab Abadi hökumət tərəfindən vuruşan qüvvələrə müraciət edərək onları “mövqelərini qorumağa və İD-nin Ramadidə genişlənməsinə imkan verməməyə” çağırmışdı.