Qan analizləri yumurtalıq xərçənginə qarşı

Şəklin mənbəyi, BBC World Service
- Müəllif, James Gallagher
- Vəzifə, Səhiyyə üzrə redaktor, BBC News
Müntəzəm qan analizləri yumurtalıq xərçəngi hallarının 86 faizini normal diaqnozdan əvvəl aşkara çıxarmaq imkanı verir. Ekspertlər düşünürlər ki, buna görə ümumölkə müayinəsinin keçirilməsi zərurudir.
Yumurtalıq şişləri çox vaxt ölümcüldür, çünki onların aşkar edilməsi çox vaxt gec baş verir.
46 min qadının iştirakilə 14 il ərzində aparılmış araşdırmalar göstərib ki, xərçəng şişləri erkən aşkar edilə bilər.
Bununla belə, "University College London" universitetinin tədqiqat qrupu düşünür ki, bu metodun insan həyatını xilas etmək potensialı hələ daha dərindən öyrənilməlidir.
Birləşmiş Krallıqda hər il 7100 qadına yumurtalıq xərçəngi diaqnozu qoyulur və onlardan 4200-ü vəfat edir.
Xərçəngi aşkar etmək çətindir, çünki qarın ağrısı, daimi köp, qidalanma çətinliyi kimi simptomlar bir çox başqa xəstəliklərdə də var.
Qan göstəriciləri
Yumurtalıq xərçənginin şişi yüksək həcmlərdə CA125 adlanan kimyəvi maddə ifraz edir. Şişlərin bu xüsusiyyətindən hazırda xərçəngin diaqnozlaşdırılması üçün istifadə olunur.
Böyük Britaniya Yumurtalıq Xərçənginin Diaqnozlaşdırılması (The UK Collaborative Trial of Ovarian Cancer Screening) proqramının tərkib hissəsi olaraq ölkə, dövlət səhiyyəsi idarəsinin 13 bölümündə qadınlardan illik post-menopauza qan analizləri götürülüb.
Qanda CA125-in miqdarının zaman içində artması müşahidə edilərkən qadınlar ultrasəs müayinəsi də daxil olmaqla başqa müayinələrə də göndəriliblər.
“The Journal of Clinical Oncology” məcmuəsində dərc olunmuş araşdırma nəticələrinə görə, xərçəng hallarının 86 faizi aşkar edilib.
London Universitetindən professor Usha Menon BBC-ə deyib ki, məqsəd xərçəngin təkcə erkən yox, həm də müalicə edilə biləcək qədər erkən aşkarlanmasıdır.
“Hazırda müayinələr aparılmır və biz səhiyyə idarəsinin qərarını gözləyirik” – deyib alim.
O bir daha vurğulayıb ki, nəticənin qiyməti onun insan həyatını xilas edib-edə bilməyəcəyindən asılı olacaq.
Ölüm hallarına dair nəticələr payızadək hesablanmalıdır.
Təhlil

Şəklin mənbəyi, BBC World Service
Təhlil
Yumurtalıq xərçənginin aşkarlanması üçün həlledici qərarın qəbul edilməsi sürətlə yaxınlaşır.
Bundan əvvəlki tədqiqatlar müayinə proqmlarının faydasını sual altına alıb, lakin hazırkı müayinə bütün dünyada ən irimiqyaslısıdır və qəti hökm verilməsinə imkan yaradacaq.
Tədqiqat 2001-ci ildə başlanıb. Son qan analizləri 2011-ci ildə alınıb və hazırda ilk nəticələr təhlil edilir.
Erkən nəticələr ümid verir.
CA125 maddəsinin monitorinqi metodu bu maddənin hər bir fərdi qadın üçün yüksək həddini müəyyən edir.
Bütün hallarda bu metod əvvəlkilərdən iki dəfə effektli sayılır.
Fərdi diaqnozlaşdırmadan xərçəngin başqa növlərinin, məsələn prostat xərçənginin aşkarlanması üçün də istifadə oluna builər.
Lakin başlıca sual açıq qalır. Yumurtalıq xərçənginin erkən aşkar edilməsi onun müalicəsinə qarantiya verirmi? Biz bu sualın cavabını bir neçə ay gözləməli olacağıq.
Xilas şansı
Tədqiqat zamanı təxminən hər dörd qadından biri xərçəng xəstəliyinin erkən mərhələsində olub. Bu mərhələdə ya bir şiş olur, ya da ümumiyyətlə xəstəlik yenicə başlayır.
Professor Menon nikbindir ki, hətta inkişaf etmiş şişləri də erkən mərhələdə yaxalamaq mümkündür, bu isə uğurlu müalicənin faizini artırır.
Bu layihə dünyada yumurtalıq xərçənginin ən böyük müayinəsi olmalıdır və həmçinin müayinə aləti kimi müntəzəm ultrasəs təhlillərinə də söykənir. Nəticələr bu ilin sonunda bəlli olmalıdır.
Britaniya Milli Müayinə Komitəsi (The UK National Screening Committee) araşdırmanı diiqqətlə izləyir və bütün nəticələr əldə edildikdən sonra ümummilli müayinə proqramı barədə qərar veriləcək.
Tibbi Araşdırma Şurasından (Medical Research Council ) professor Patrick Maxwell deyir ki, bu ilkin nəticələr inkişaf etdirilə və yekunda ümummilli diaqnozlaşdırma proqramının tətbiqinə yol aça bilər.
Böyük Brirtaniya Xərçəng Araşdırmaları (Cancer Research UK) mərkəzindən yumurtalıq xərçəngi eksperti doktor James Brenton deyir ki, qan analizləri vasitəsilə qadınlarda yumurtalıq xərçəngi riskinin aşkar edilməsi ümidverici perspektivdir, lakin bu metodun üzərində hələ çox işləmək, onun qadınların həyatını xilas etmək potensialını üzə çıxarmaq lazımdır”.
“The Eve Appeal” xeyriyyə təşkilatı əlavə edir: "Son nəticələr ümidvericidir və göstərir ki, biz fərdlərdə xərçəng xəstəliyinin erkən aşkar olunması istiqəmatində inkişaf edirik”.




