Pulemyotdan atəş açan balaca kürd qızı

Şəklin mənbəyi, noncredit

Kürd qızcığazın pulemyotdan atəş açdığını əks etdirən video İslam Dövləti qurumu ilə vuruşanların onların təbliğat üsullarını təkrar etdiyini göstərirmi?

Şəkildəki qıza 6-7 yaş vermək olar. O, çəkilişi aparan şəxslə - görünür ki, atası ilə söhbət edir.

Atası qızdan soruşur kı, nə qədər İD döyüşçüsünü öldürmüsən?

"Dörd yüz", qızcığaz İraqın şimalındakı Süleymaniyyə bölgəsinə uyğun olan kürd ləhcəsində cavab verir.

Sonra qız uşağı özündən yekə olan pulemyotdan iki əllə yapışaraq atəş açır.

Güllə səsi ətrafa yayıldıqca kadr arxasındakı səs qızı həvəsləndirir: "Öldür! Öldür!"

Video ilk dəfə yanvar ayında Facebook-da kürdpərəst profildə dərc olunub, qısa zamandan sonra YouTube-da "Kurd YPG" kanalında nümayiş etdirilib.

YPG (Xalq Müdafiə Dəstələri) Suriyada Kürd Dümokratik Birlik partiyasının hərbi qanadıdır.

Bu kanalda, o cümlədən, kürd qadın batalyonlarını tərənnüm edən bir neçə video da nümayiş etdirilib.

Bir həftə bundan əvvəl Vocativ xəbər saytı bu video barədə məlumat yaydıqdan sonra, pulemyotlu qızcığazın videosu müxtəlif sayt və nəşrlərdə dərc olunub, həmin videoya yüz minlərlə izləyici baxıb.

Suriya və İraqın geniş ərazilərinə nəzarət edən İD silahlıları təbliğat məqsədli videolarına uşaqları da çəkirlər.

Görəsən, pulemyotdan atəş açan kürd qızı videosu kürd silahlılarının eyni təblğat taktikasına əl atdıqlarından xəbər vermirmi?

İraqın Ərbil şəhərindən media təhlilçisi Hiwa Osman telefonla BBC-ə deyib ki, bu videonu istisna hal saymaq lazımdır.

"Buna bənzər digər videolar indiyədək görməmişəm. Digər videolarda yalnız peşmərgə kürd döyüşçüləri paltarı geymiş uşaqlar göstərilib", o deyib.

Osman əlavə edib ki, İraqın şimalında kürd liderləri İD taktikasının təkrar edilməsinin əleyhinədirlər.

"Onlar İD-nin bənzəri olmaq istəmirlər", Osman qeyd edib.

Britaniyalı kürd bloqer Ruayda Mustafanın sözlərinə görə, qızın İD silahlılarına atəş açmadığı aydındır. Videoda nə hansısa döyüşçü, nə də ki, başqa bir insan görünmür və kadr arxasındakı insana da heç bir təhlükənin olmadığını anlamaq olur.

"Bu videonu Facebook-da bir neçə kürd profilində izləmişəm. Əksər insanları pülemyotdan atəç açan qız dəhşətə gətirir. Lakin aydındır ki, bu video faktlara yox, hisslərə köklənib", Mustafa deyir.

Həmin videonu ilk dəfə dərc etdirən Facebook profilinə yazılmış statuslardakı suallar cavabsız qaldı.

Lakin BBC Trending YouTube kanalında videonu dərc etdirmiş şəxslə danışa bilib. Həmin şəxsin Qəzzada yaşadığı məlum olub - bu bir qədər gözlənilməz olub.

O, deyib ki, kürdlərlə qohumluğu yoxdur, sadəcə, kürd döyüşçülərinə rəğbət bəsləyir, eləcə də, Rusiya Ordusu və digər silahlı qüvvələrə həsr olunmuş videolar dərc etməklə məşğuldur.

Mike Wendling-in blogu.