Kayahan: "Məni üzü dənizə dəfn edin"

Şəklin mənbəyi, hurriiyet.com.tr
Türkiyənin pop ulduzlarından biri, məşhur bəstəkar və müğənni Kayahan 66 yaşında vəfat edib.
Son aylarda müalicə olunduğu xəstəxanadan verilən məlumata görə ünlü sənətçi xərçənglə uzun mübarizədən sonra, aprelin 3-ü, səhər saatlarında dünyasını dəyişib.
Türkiyə mətbuatı xəbər verir ki, Kayahan vəsiyyətində dənizə yaxın bir yerdə dəfn olunmaq istədiyini yazdığına görə İstanbulun Kanlıca məzarlığında torpağa tapşırılmalıdır.
O vəsiyyətində həmçinin onun dəfn mərasiminə əklil göndərmək istəyənlərdən, bunun əvəzində "Mehmetcik" vəqfinə (Əsgər fondu) ianə verməyi xahiş edib.
Kayahan Azərbaycanda da yaxşı tanınan və sevilən bir sənətçi idi.
O, müsahibələrindən birində Azərbaycanda çoxsaylı dostlarının olduğunu söyləmişdi.
Sosial mediada reaksiya
BBC Azərbaycanca <link type="page"><caption> səhifəsini</caption><url href="https://www.facebook.com/BBCAzeri" platform="highweb"/></link> Facebook-da izləyən istifadəçilər xəbərə görə kədərləndiklərini bildiriblər.

Şəklin mənbəyi, BBC World Service
Oxucular ən çox bəyəndikləri Kayahan mahnılarının adlarını da paylaşıblar: əsasən "Aşk hikayesi", "365 gün", "Seninle her şeye varım ben" mahnıları qeyd olunub.
"'Bir aşk hikayesi' əfsanə mahnılardan biridi artıq", yazıb İvi L-Zadə.
"Allah rəhmət etsin bu gözəl insana", Anggun Hayat adlı istifadəçi yazıb. "Doğrudan da bu xəbərə inana bilmirəm hələ də".
Azərbaycan mediasında şərhlər
Bu gün Azərbaycan mediası da Türkiyənin böyük itkisini bölüşüb.
Bəstəkar Elza Seyidcahan olkem.az saytına deyib: "Onun vəfatı mənim üçün gözlənilməz oldu. Özü getsə də, gözəl müsiqiləri, möhtəşəm mahnıları qaldı. Türk dünyasına bir xəzinə qoyub getdi Kayahan. Əgər Türkiyədə olsaydım mütləq onunla vidalaşmağa gedərdim".
Məşhur bəstəkar bir neçə il əvvəl Bakıda konsert vermişdi.
Kayahan Açar 1949-cu il, martın 29-da İzmir şəhərində doğulmuşdu.




