#BBCAzeriTrending: İnternetin qəlbini yaralayan fotoqraf

Minlərlə İnternet istifadəçisi "təslim olaraq" əllərini qaldıran suriyalı uşağın fotosunu paylaşıb - amma biz bu foto haqqında nə bilirik?
Onu paylaşanlar uşağın gözlərindəki qorxuya görə təsirlənib: o sanki tapançanın lüləsi ilə üzləşib. Təbii ki, o, lüləyə deyil, kameraya baxır. Amma bu təsiredici fotonu kim, necə çəkib? BBC Trending həmin fotoqrafçını tapıb və bu sualı ona verib.
Hər şey ötən həftənin çərşənbə axşamı Qəzzada yaşayam fotojurnalist Nadia Abu Shaban fotonu Twitterdə paylaşandan sonra başladı. Şəkil mikrobloq şəbəkəsində tez yayıldı.
"Əməlli-başlı, hönkür-hönkür ağlayıram", "çox kədərli", "insanlığın iflası" - şərhlərin mahiyyəti bu olub.
Shabanın ilk tvitini 11 000-dən çox adam paylaşıb. Cümə günü foto Reddit saytında paylaşılandan sonra yenidən populyarlaşıb, 1600-dən çox şərhlə qarşılanıb.
Hər iki şəbəkədə fotonun saxta və ya təşkil edilmiş olması barədə ittihamlar ortaya çıxmağa başladı. Twitterdə çoxu fotonun müəllifinin kim olduğunu, fotonun nəyə görə istinadsız paylaşıldığını sual edib.
Abu Shaban fotonu özü çəkmədiyini bildirsə də, müəllifin kimliyi barədə xəbərsiz olduğunu deyib. Imgur fotopaylaşma saytında bir istifadəçi həmin fotonu qəzet məqaləsində tapıb və fotonun həqiqi olduğunu deyib. Eyni zamanda o, fotonun "haradasa 2012-ci ildə" çəkildiyini və uşağın oğlan olduğunu bildirib. Həmin mesajda deyilir ki, şəklin müəllifi türk fotojurnalist Osman Sağırlıdır.
İfşaedici sadəlövhlük
Foto haqqında məlumatları yoxlamaq üçün BBC Trending Sağırlı ilə danışıb - o, hazırda Tanzaniyada işləyir.
Fotodakı uşaq əslində oğlan deyil - dörd yaşlı, Hudea adlı qızdır. Şəkil Suriyadakı Atmeh qaçqınlar düşərgəsində, ötən ilin dekabr ayında çəkilib. Hudea Türkiyə ilə sərhədin yaxınlığında yerləşən düşərgəyə anası və bacı-qardaşları ilə gəlmişdi. Onlar Hama şəhərindən 150 kilometrlik yol gediblərmiş.
"Mən telefoto obyektivindən istifadə edirdim, o isə elə bildi ki, silahdır", Sağırlı deyir. "Fotonu çəkəndən sonra gördüm ki, uşaq bərk qorxub çünki o, dodaqlarını dişləyib əllərini qaldırmışdı. Adətən uşaqlar qaçıb gedirlər, ya da üzlərini gizlədirlər, yaxud da kameranı görən kimi gülümsəyirlər".
Fotoqrafçı deyir ki, düşərgələrdə yaşayan uşaqların fotoları xüsusilə güclü və ifşaedici olur. "Düşərgələrdə köçkün adamların olduğunu bilirsən. [Amma] əsl hissləri uşaqlar məsumluğu ilə göstərir", o deyir.
Foto ilk olaraq Türkiyə qəzetində, yanvarda çap olunmuşdu. Osman Sağırlı 25 il bu qəzetdə çalışıb, müharibə və təbii fəlakətlərdən fotoreportajlar göndərib. Yanvarda türkdilli sosial media istifadəçiləri bu fotonu geniş paylaşsa da, ingilisdilli istifadəçilərin nəzərinə ancaq indi çarpıb.




