Britaniya təlimatçıları Ukrayna hərbiyyəsinə kömək edirlər

Şəklin mənbəyi, Reuters
Britaniya hərbçiləri rusiyapərəst üsyançılara qarşı vuruşan Ukrayna ordusunun şəxsi heyətinə təlim keçməyə başlayıb, BBC-ə məlum olub.
35 təlimatıçı Ukraynanın cənubundakı Nikolayev şəhərində fəaliyyətə başlayıb və onlar ölkədə iki ay qalacaq.
Britaniya mütəxəssisləri döyüşlərdə iştirak edən Ukrayna hərbçilərinə müdafiə taktikası və tibbi sahə ilə bağlı təlimlər keçəcək.
Eyni zamanda ukraynalılara qeyri-döyüş avadanlığı veriləcək.
Yardım barədə qərar ötən ay baş nazir David Cameron tərəfindən elan olunub.
Ötən il müharibənın başlanmasından bəri bu, Qərb ölkəsinin Ukraynada həyata keçirdiyi ilk uzunmüddətli təlim proqramıdır.
Atəşkəs
Tərəflər Minskdə imzalanaraq fevralın 15-də qüvvəyə minən atəşkəs sazişinə, ara-sıra açılan atəş hallarına rəğmən əməl edirlər.
Britaniya hökumətinin yardımına gecə eynəkləri, ilk tibbi yardım paketləri və rabitə qurğuları kimi qeyri-döyüş avadanlığı daxildir.
Qarşıdan gələn həftələr ərzində Ukraynaya onlarla britaniyalı hərbi təlimatçı yollanacaq.
Hərçənd ki, bu addım daha çox rəmzi səciyyə daşıyır və müharibə iştirakçılarının qüvvə nisbətinə təsir göstərməyəcək, BBC müxbiri Tom Burridge bildirir.
Vaşinqton 3 Ukrayna batalyonuna təlim keçmək üçün bu ölkəyə öz təlimatçılarını göndərməyə hazırlaşdığını bəyan edib.
BMT dəyərləndirilməsinə əsasən ötən ilin aprel ayında Ukraynanın şərqində başlayan münaqişə 6000-dən çox adamın ölümünə səbəb olub.




