Ukrayna Radası Rusiyanı təcavüzkar ölkə tanıyıb

Şəklin mənbəyi, Reuters

Ukrayna parlamenti növbədənkənar sessiyasında Rusiyanı təcavüzkar ölkə tanıyan bəyanatı təsdiqləyib.

Beynəlxalq icimaiyyətə çağırışında Ukrayna parlamenti xarici ölkələrin parlamentlərini və beynəlxalq təşkilatları Rusiyanı təcavüzkar ölkə tanımağa və Moskva üzərinə təzyiqi artırmağa səsləyir.

Sənəddə terrorçuluğu dəstəkləməkdə, beynəlxalq sülh və təhlükəsizliyə hədə yaratmaqda qınanan Rusiya BMT Təhlükəsizlik Şurasının işini əngəlləməkdə suçlanır.

Bəyanat həmçinin Donetsk və Luhansk “Xalq Respublikalarının” terrorçu təşkilat kimi tanınmasına çağırır. Iclasda qeydiyyatdan keçmiş 289 millət vəkilindən 271-i sənədi dəstəkləyib.

Kiyev və Qərb Rusiyanı Ukrayna şərqindəki separtaçıları dəstəkləməkdə ittiham edirlər. Moskva bu ittihamları rədd edir.

Bəyanatda ötən şənbə günü Mariupol şəhərinin atəşə tutulması qeyd olunur.

Atəşin separatçıların nəzarətində olan ərazidən aparıldığı barədə ATƏT müşahidə missiyasının yekun nəticəsinə istinad edən bəyanatda deyilir ki, Moskvanın dəstəklədiyi qüvvələr atəşkəs barədə Minsk razılaşmalarına əməl etmək istəmirlər.

Bazar ertəsi prezident Vladimir Putin deyib ki, Kiyev dinc tənzimləmə yolu ilə getmək istəmir və atəşkəsi yalnız qüvvələrin yenidən qruplaşması üçün istifadə edir.

Ondan əvvəl Rusiyanın xarici işlər naziri Kiyevi Ukraynanın şərqindəki sülh prosesini pozmaqda ittiham edib.

Həftəsonu Rusiya Mariupoldakı hücumları pisləyən BMT Təhlükəsizlik Şurasının bəyanatı əleyhinə çıxış edərək sənədin qəbul olunmasını bloklayıb.