Rusiya BMT-nin Mariupol hücumu barədə bəyanatını bloklaşdırıb

Şəklin mənbəyi, AFP

Rusiya BMT Təhlükəsizlik Şurasının Mariupola hücumları pisləyən bəyanatını bloklaşdırıb.

Bəyanat sentyabr ayında atəşkəs barədə imzalanan razılığa əməl etməyə və 30 adamın ölümü ilə nəticələnən raket hücumunu araşdırmağa çağırırdı.

ATƏT-in məlumatına əsasən raket hücumu Donetskdə yerləşən separatçı silahlıların mövqelərindən əmələ gəlib.

ABŞ və Aİ "konkret hədəfi olmayan hücumların həyata keçirilməsini" qınayıb və Rusiyanı separatçılara dəstək göstərməyi dayandırmağa çağırıb.

AP xəbər agentliyinin məlumatına əsasən Ukrayna prezidenti Petro Poroşenko ilə telefon söhbəti zamanı ABŞ vitse-prezidenti Joe Biden deyib ki, bu münaqişə Rusiya üçün "getdikcə baha" başa gələcək.

Rəsmi Vaşinqton Rusiyanı separatçılara kömək etməkdə və onları silahla təmin etməkdə suçlayıb. Moskva bu ittihamları rədd edir.

Şəklin mənbəyi, Getty

Şənbə günü Ukraynanın şərqindəki Mariupol şəhərinə raket hücumları silsiləsi nəticəsində 30 nəfər ölüb, bir çox adam xəsarət alıb.

Ukrayna rusiyapərəst üsyançıları günahlandırır amma separatçılar deyirlər ki, hücumları Ukrayna qüvvələri həyata keçirib.

Şərqi Ukraynanın əsas üsyançı lideri iddia etmişdi ki, Mariupola hücum əməliyyatını həyata keçirməyə başlayıb, lakin daha sonra "şəhəri hücumla almayacağını" deyib.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) deyib ki, raketlər üsyançıların idarə etdiyi ərazilərdən gəlib.

Lakin tanınmamış Donetsk Xalq Respublikasının rəhbəri Aleksandr Zaxarçenko deyib ki, onun əsgərləri şənbə günü Mariupol yaxınlığında "fəal əməliyyatlar" həyata keçirməyib, Rusiya xəbər agentlikləri məlumat verir.

Eyni zamanda Zaxarçenko əlavə edib ki, Kiyev hücumlara görə üsyançıları günahlandırandan sonra o, əsgərlərinə Mariupolun şərqindəki Ukrayna əsgərlərinin mövqelərini "neytrallaşdırmağa" göstəriş verib.

Bu arada Ukraynanın təhlükəsizlik xidməti iddia edildiyinə görə separatçı üsyançıların Mariupol hücumu barədə söhbətlərinin audio yazılarını yayıb.

Səs yazılarının gerçəkliyi müstəqil olaraq təsdiq edilməyib.