Aİ Rusiyanı Ukraynada münaqişəni dayandırmağa kömək etməyə çağırıb

Şəklin mənbəyi, AP
Avropa İttifaqı Rusiyanı Ukraynanın şərqində cərəyan edən münaqişənin dayandırılmasında öz öhdəliklərini tam həcmdə etiraf etməyə çağırıb.
"Ukraynanın şərqində sülh axtarışına qalan zaman müddəti daralmaqdadır. Döyüşlərin şiddətlənməsi hər iki tərəfdən həm dinc əhali, həm hərbiçilər arasında ölənlərin sayını artırıb", Avropa İttifaqı Xarici İşlər və Təhlükəsizlik Siyasəti nümayəndəsi Federica Mogheri-nin bəyanatında bildirilib.
Federica Mogherini-nin bəyanatı cümə axşamı dərc edilib. Bu bəyanat tanınmamış "Donetsk Xalq Respublikası" lideri Aleksandr Zaxarçenkonun bəyanatından bir neçə saat sonraya təsadüf edib.
Aleksandr Zaxarçenko separatçıların daha Kiyevlə barış barədə danışıq aparmayacaqlarını bəyan edib.
Eyni zamanda Rusiya prezidenti Vladimir Putin ukrayna rəsmilərini barışıq şərtlərini pozaraq Donbassda irimiqyaslı hərbi əməliyyata başlamaqda ittiham edib.
Federica Mogherini bəyanatında Ukraynanın şərqində zorakılığın qarşısının alınmasının və bu münaqişənin siyasi yolla həllinin hələ də mümükün olduğunu vurğulayıb.
