Fransa redaksiyasında gülləbaran: 12 nəfər həlak olub

Şəklin mənbəyi, AFP

Fransada satirik "Charlie Hebdo" jurnalının Paris redaksiyasına silahlıların hücumu nəticəsində 12 nəfər öldürülüb və yeddi nəfər yaralanıb.

Ən azı iki nəfər maska geyinmiş hücumçu avtomat atəşi açıb və küçədə polislə onlar arasında atışma olub, daha sonra isə hücumçular maşına minərək hadisə yerindən qaçıb.

Jurnalın ən tanınmış karikaturaçılarından dördü, o cümlədən baş redaktoru Stephane Charbonnier öldürülənlər arasındadır. Atışmada iki polis də ölüb.

Maşınla hadisə yerindən qaçan üç silahlını tapmaq üçün irimiqyaslı polis əməliyyatı aparılır.

Onlar hadisə yerindən uzaqlaşandan sonra maşını Parisin şimalındakı Rue de Meaux ərazisində saxlayaraq, orada ələ keçirdikləri ikinci maşınla qaçıblar.

Silahlılardan biri "biz Məhəmməd Peyğəmbərin qisasını aldıq" deyə qışqırıb, şahidlər deyir.

Ölüm hədələri

Prezident François Hollande hücumu "misli görünməmiş barbarlıq" və "terror aktı" adlandırıb.

Hücumda öldürülən baş redaktor, 47 yaşlı cənab Charbonnier əvvəllər ölüm təhdidləri almışdı və polis tərəfindən qorunurdu.

Hücumçuları tapmaq üçün Parisdə irimiqyaslı polis əməliyyatı həyata keçirilir.

Şəklin mənbəyi, BBC World Service

Xəritə

Şəklin mənbəyi, BBC World Service

Həftəlik satirik məcmuə siyasi xəbər və təhlil tipli məsxərələrinə görə əvvəllər də bir sıra ziddiyyətlərə səbəb olub.

Jurnalın ən son tviti İslam Dövləti silahlı qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin karikatüründən ibarət idi.

Şahidlərdən Benoit Bringer Fransanın Itele telekanalına deyib: "Qara başlıq geyinmiş iki nəfər Kalaşnikov avtomatları ilə binaya daxil oldular. Bir neçə dəqiqədən sonra biz atəş səsləri eşitdik".

Reaksiyalar

Polis rəsmisi Luc Poignant Fransanın BFMTV telekanalına müsahibəsində hadisəni "qırğın" adlandırıb.

Bu jurnal 2011-ci ildə Məhəmməd peyğəmbərin karikaturunu dərc etdikdən sonra yandırıcı bomba hücumuna məruz qalmışdı.

Beynəlxalq rəsmilər hadisəni pisləyib. Birləşmiş Krallığın Baş naziri David Cameron Twitterdə qətlləri "ürəkbulandırıcı" adlandırıb.

Azərbaycan prezidenti İlham Əliyev fransalı həmkarı Fransua Ollanda Parisdə terror aktı nəticəsində insanların həlak olması ilə əlaqədar başsağlığı verib.

Azərbaycan XİN-in sözçüsü Hikmət Hacıyev isə hadisəni şərh edərkən deyib: "Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir", APA məlumat verir.