BMT Şimali Koreyanı Beynəlxalq Cinayət Məhkəməsinə cəlb edə bilər

Şəklin mənbəyi, AFP

BMT komitəsi Təhlükəsizlik Şurasını Şimali Koreyanın insan haqları tarixçəsinə görə ölkəni Beynəlxalq Cinayət Məhkəməsinə cəlb etməyə çağırıb.

İnsan haqları komitəsində Pyongyang rejiminin insanlığa qarşı iddia olunan cinayətlərinin araşdırılması ilə bağlı vəsatət qəbul olunub.

Bundan sonra Baş Assambleya vəsatət üzrə səsvermə keçirməlidir.

BMT-nin fevralda buraxdığı hesabatda adi Şimali koreyalıların "olmazın amansızlıqlarla" üzləşdiyindən yazılıb.

BMT Araşdırma Komissiyası işgəncə, siyasi repressiyalar və digər cinayətlər barədə şəhadət alandan sonra Şimali Koreyadakı irimiqyaslı pis rəftar barədə detalları açıqlayıb.

Nəticədə çərşənbə axşamı icrası məcburi olmayan səsvermədə qətnaməni 111 ölkə dəstəkləyib, 19 ölkə əleyhinə səs verib, 55-i isə bitərəf qalıb.

Təhlükəsizlik Şurasında veto qoymaq hüququna malik olan Çin və Rusiya qətnaməyə qarşı səs veriblər.

Qətnamədə Şimali Koreya həmçinin insan haqları tarixçəsinə görə tənqid olunur, Təhlükəsizlik Şurası cinayətləri törədənlərə qarşı sanksiyalar tətbiq etməyə çağırılır.

Hesabata sədrlik edən Michael Kirby bu addımı "insan haqlarının müdafiəsində mühüm bir addım" adlandırıb.

Baş Assambleya bir neçə həftə ərzində vəsatət barədə səsvermə keçirəcək.