Ramiz Mehdiyevin çıxışına ekspertlərin reaksiyası

Şəklin mənbəyi, president.az
BBC Azərbaycanca Prezident Administrasiyasının rəhbərinin kadr çatışmazlığı, hicablı şagirdlər, təhsilin keyfiyyəti haqda çıxışına ekspertlərin şərhlərini alıb.
Prezident Administrasiyasının rəhbəri çıxışında dövlətin üzləşdiyi “kadr böhranına” diqqəti çəkib.
“Açıq etiraf etmək lazımdır ki, həm Prezident Administrasiyası, həm nazirliklər, həm də yerli hakimiyyət strukturları bu gün ciddi kadr böhranı problemi ilə üzləşiblər. Biz hamımız müasir idarəetmənin incəliklərinə bələd olan hazırlıqlı kadrlara ehtiyac duyuruq və etiraf etməliyik ki, yüksək tələblərə uyğun kadr tapmaqda çətinlik çəkirik”, AzərTac agentliyi Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdən sitat gətirir.
BBC Azərbaycancaya danışan təhlilçilər məsələyə öz baxışları ilə bölüşüblər.
“İdarəçilik problemi”
Təhsil sahəsində araşdırmalar aparan jurnalist Şahvələd Çobanoğlu deyir ki, hakimiyyətin ixtisaslı kadrlara ehtiyacı olduğunu açıqlamasının arxasında heç də kadr axtarmaq niyyəti dayanmır.
“Nəticə odur ki, Azərbaycanda təhsilin nə vəziyyətdə olduğu, kadrların hansı problemlərinin nədən olduğu hər kəsə bəllidir. Əsas məsələ bunlara siyasətlərinə, ideologiyalarına uyğun, korrupsiya sisteminə daha yaxın kadrlar lazımdır”.
Onun sözlərinə görə, bacarıqlı kadrları dövlət strukturunda işə götürmürlər.
“Ölkə içində dövləti idarə edəcək kifayət qədər kadr var. Dünya heç vaxt kadr problemi ilə üzləşməyib və hakimiyyət istəsə, lazımı kadrları xaricdən də gətirə bilər. Problem kadr qıtlığında deyil, siyasi idarəçilikdədir”, o əlavə edib.
Xaricdə təhsil imkanı
Cənab Mehdiyev çıxışında PA-nın kadr ehtiyatını onu qane etmədiyini və prezident yanında İdarəçilik Akademiyasından məzun olan tələbələrin dövlət qulluğunda kifayət qədər təmsil olunmadıqlarını bildirib.
“Biz böyük qürur hissi ilə daim qeyd edirik ki, XX əsrin ortalarından etibarən Azərbaycanda savadsızlıq ləğv olunub. Əvvəlki dövrlərdə təhsil prosesi yalnız ailəni və məktəbi əhatə edirdi, mənimsənilən biliklərin də həcmi kifayət qədər məhdud idi. Bu gün isə biz müstəqil şəkildə ömür boyu yeni biliklər əldə etməyə qadir olan insan və vətəndaş yetişdirməliyik”, o qeyd edib.
Bakı Dövlət Univetsitetinin müəllimi və telejurnalist Qulu Məhərrəmlinin fikrincə, çox az sayda ali məktəbdə dövlət idarəçiliyində iştirak edə biləcək kadrlar hazırlanır.
“Problemin kökü yeni dünya qaydalarına uyğun, yeni biliklərin daşıyıcısı olan, yeni texnologiyaları bilən, həmin sistemi öyrənən və öyrədə bilən təhsil sistemi lazımdır. Təssüf ki, son vaxtlar xaricdə təhsil almağa qarşı da müqavimət var. Xarici ölkələrdə təhsil almaq üzrə imkanlar genişləndirilməlidir”, o BBC Azərbaycancaya bildirib.
“Latent proseslər”
PA rəhbərinin çıxışında ali məktəblərə imtahan verən gənclərin “zəif nəticələr göstərməsini” qeyd edərək bildirib ki, bunun arxasında “ilk növbədə, ailənin, tədrisdə çalışanların və yerli icra hakimiyyətlərinin biganəliyi” dayanır.
“Biz həmişə fəxr etmişik ki, ölkəmizdə qadınlar çox yüksək mövqe tutaraq, demək olar, siyasi, iqtisadi və sosial həyatımızın bütün sahələrində layiqincə təmsil olunublar. Bu il ali məktəblərə qəbul imtahanları zamanı Yardımlı və Lerik rayonlarından sənəd verənlər arasında qızlar müvafiq olaraq 16 və 21 faiz təşkil edib. Bu, onu göstərir ki, adı çəkilən bölgələrdə kifayət qədər mürəkkəb, gizli və latent proseslər gedir”, cənab Mehdiyev bildirib.
Onun sözlərinə görə, qadınları və ümumən cəmiyyəti “təzədən cəhalətə, mövhumata, aqressiv dindarlığa sürükləmə prosesləri” təhlükəlidir.
“Hicabla təhsil müəssisələrinə, o cümlədən ali məktəblərə getmək istəyənlərin sayı da gündən-günə artır. Mən əmin deyiləm ki, bu, gənc xanımların özlərinin daxili mənəvi tələbatıdır. Təhlil göstərir ki, bu, əksərən ailədaxili mühitin tələbidir və gənc qızlar da buna tabe olurlar”, PA rəhbəri qeyd edib.
“Həssas məsələ”
Cənab Məhərrəmli BBC Azərbaycancaya bunun “həssas məsələ” olduğunu deyir və bunların dilə gətirilməsinin müsbət məqamlarını qeyd edir.
“Burda iki məsələ var. Ya bu ailədən gələn məsələlər olur, ikinci isə cəmiyyətdə sosial problem. İnsanlar ümidsiz olanda kültəvi ruh düşkünlüyü olanda dinə meyl edirlər. Amma şəxsi əqidəsi ilə hicab bağlayanlar da var. Biz bu məsələlər barədə açıq danışmalıyıq, çünki qapalı saxlayanda insanlar fanatizmə meyllənirlər”, o əlavə edib.
Müəllim məvacibi
Təhsil eksperti Nobatəli Qulamoğlu Azərbaycanda yüksək texnologiyaların tələblərinə cavab verən kadrların olmadığını düşünür.
“Adi gözlə də kadr çatışmazlığı görünür. Amma məsələ ondadır ki, nə əkərsən onu da biçərsən. Ramiz Mehdiyev özü əkib bu məhsulu və onun kasad olmasından gileylənməməlidir. Onun “əməyinin” nəticəsidir ki, ixtisaslı kadrlar yetişdirilməyib”, o qeyd edir.
Ekspertin sözlərinə görə, hakimiyyətin təhsilə münasibəti müəllimlərin məvacibi göstərir.
“Təhsil verənin-müəllimin əmək haqqını polisin əmək haqqından az verən hakimiyyətin kadr çatışmazlığından gileylənməyə haqqı yoxdur”, o, bildirib.
Qızların ali təhsil alması ilə bağlı problemlərdən danışan ekspertin sözlərinə görə, hakimiyyət cəhaləti bu və ya digər formada “dəstəkləyir”.
“Ziyalılıq yoxdursa, təhsil yoxdursa, cəmiyyətdə ədalətsizlik, cəhalət inkişaf edirsə və hakimiyyət bunu dəstəkləyirsə, insanlar çıxış yollarını başqa yerdə görür. İnsanlar axtarırlar ki, bəlkə özlərini dində taparlar. Təhsil möhkəm olsa bunlar aradan qalxacaq”, o, əlavə edib.
Digər təhsil eksperti dövlət qulluğuna meyl edənlərin sayının azlığının başqa səbəblərinin olduğunu düşünür.
“Hakimiyyətin siyasətini dəstəkləyənlər”
Təhsil üzrə ekspert Etibar Əliyev kadr çatışmazlığı haqda PA rəhbərinin sözlərini Azərbaycanda ali təhsilin səviyyəsinə verilən qiymət kimi dəyərləndirir.
“Hazırda Azərbaycan universitetlərinin heç birində təhsilin keyfiyyətli qiymətləndirilmir və yüksək ixtisaslı mütəxəssis hazırlığından danışmaq qeyri- mümkündür. Dövlət strukturunda olanlar da hiss edir ki, təhsildə geriləmə mövcuddur”, o əlavə edib.
Onun sözlərinə görə, ali məktəblərdən məzun olanların çox kiçik hissəsi mütəxəssis kimi çalışır.
“Potensialı yüksək olanlar ölkəni tərk edir və xaricdə təhsillərini davam etdirirlər və orda yaşayırlar. Yuxarı bal toplayanların çox kiçik hissəsi bizim ali məktəblərdə qalır”, ekspert qeyd edib.
Əliyevin fikrincə, hakimiyyətin onun siyasətini təbliğ edən kadrlara ehtiyacı var.
“Hökümətin siyasətini dəstəkləyənlər daha çox humanitar sahələrdə işləyir. Çünki humanitar sahədə çalışanlar camaatla işləyir və hakimiyyətin ideologiyasını təbliğ edirlər”, ekspert bildirib.
Onun sözlərinə görə, yüksək ixtisaslı kardlar xaricdə və özəl sektorda işləməyə meyl edirlər.




