İslam Dövlətinə qarşı vuruşan kürd qadınları

Şəklin mənbəyi, AP

    • Müəllif, Gabriel Gatehouse
    • Vəzifə, BBC News

Dəclə çayı üzərindən qayıqla keçib İraqdan Suriyanın şimal hissəsinə çıxırıq.

Hər iki sahilə Dəməşqlə Suriya müxalifəti arasında vətəndaş müharibəsində öz xüsusi mövqeyindən çıxış edən yerli kürdlər nəzarət edirlər.

Biz olduğumuz yerdən cənub istiqamətində isə İraqla Suriya arasında sərhədi öz “xilafət”i elan etmiş İslam Dövləti hərəkatının yaraqlıları ləğv ediblər.

Bu müharibə bölgənin xəritəsini dəyişib. İslam Dövləti özü üçün Suriya və İraqın hesabına ərazi əldə edib, kürdlər isə özləri üçün.

Suriya tərəfində onların arasında sərhəd Jezaa qəsəbəsi yaxınlığından, şimaldakı təpələrin yastı tozlu səhraya çevrildiyi yerdən keçir.

Kürd komandiri günortanın qaynar istisində üfüqdə işaran şəhərciyi göstərir: ora İslam Dövləti nəzarət edir, deyir.

Az qala hər gün İD ilə özlərini “Xalqın müdafiəsi qüvvələri” adlandıran Suriya kürdlərinin könüllü dəstələri arasında toqquşmalar baş verir.

Suriyadakı kürd döyüşçüləri Aİ və ABŞ tərəfindən terrorçu təşkilatlar siyahısına salınan PKK-ya yaxın qrupun üzvləridir.

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Suriyadakı kürd döyüşçüləri Aİ və ABŞ tərəfindən terrorçu təşkilatlar siyahısına salınan PKK-ya yaxın qrupun üzvləridir.

YPG kökləri Türkiyədə meydana gəlmiş və uzun müddət kürd dövləti yaratmaq uğrunda mübarizə aparan PKK - Kürd Fəhlə Partiyasına gedib çıxır.

ABŞ və Avropa Birliyi PKK-nı rəsmən terrorçu təşkilat elan ediblər.

Könüllü döyüşçülərin təxminən üçdə birini suriyalı kürd qadınları təşkil edir. Onlar bütün çətinliklər və təhlükələrdən keçərək kişilərlə yan-yana döyüşürlər.

“Qadınlar ən igid döyüşçülərdir”, - Diren deyir.

Diren və daha üç qız qızmardan yeraltı bunkerdə daldalanaraq kökə, pendir və qarpızla nahar edirlər.

Direnin 19 yaşı var. Onun rəfiqələrinin əksəriyyəti onun kimi yeniyetmələrdir.

“Biz heç nədən qorxmuruq, - Diren deyir. – Sonacan döyüşəcəyik, və, lazım gələrsə, onların əlinə düşməkdənsə, özümüzü partlatmağı üstün tuturuq”.

Diren qadınların döyüş meydanında kişilərdən geri qalmadığını deyir.

Şəklin mənbəyi, BBC Gabriel Gatehouse

Şəklin alt yazısı, Diren qadınların döyüş meydanında kişilərdən geri qalmadığını deyir.

İD tərəfdarları kimi, kürdlər də sünni müsəlmanlardır. Lakin onların oxşarlığı bununla da bitir.

Direnin sözlərinə görə, İD fanatikləri üçün əli silahlı qadın haramdır, dəhşətli günah, murdar və qorxunc bir şeydir.

“Əlində avtomat qadın görəndə onlar qorxudan titrəməyə düşürlər. Onlar özlərini qətiyyətli və qorxmaz göstərirlər, lakin bizim qabağımızdan qaçırlar. Axı onların anlayışlarına görə, qadın heç nəyə qabil deyil. Lakin bizim hər birimiz onların yüz kişisinə dəyər”, - Diren lovğalanır.

Kürdlər iki ildən çoxdur ki, şimali Suriyada islamçılarla döyüşürlər, və İraq hərbiyyəsindən fərqli olaraq, ABŞ aviasiyasının köməyi olmadan ərazini saxlay biliblər.

Ayşa Abdulla Suriya Kürdüstanında əsas siyasi qüvvə olan Demokratik İttifaqı Partiyasının həmsədridir. Bütün yerli liderlər kimi, onun da iş otağında PKK-nın təsisçisi, 1999-cu ildən Türkiyədə ömürlük həbsini keçirən Abdulla Öcalanın böyük portreti asılıb.

O, yerli əhalinin əksəriyyəti, ərəblər və xristianlar daxil olmaqla, kürdlərin islamçılara qarşı mübarizəsini dəstəklədiyini iddia edir. O deyir ki, könüllülər xarici yardımdan da imtina etməzdilər.

Kürd döyüşçüləri İD qrupuna müqavimət göstərməyə qadir olan aparıcı qüvvələrdən biri sayılır.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Kürd döyüşçüləri İD qrupuna müqavimət göstərməyə qadir olan aparıcı qüvvələrdən biri sayılır.

“Suriya və bütün Yaxın Şərq xalqları üçün “İslam dövləti” böyük təhlükə kəsb edir. Müharibənin əsas ağırlığı bizim üzərimizə düşür və bizim regional dövlətlərin böyük yardımına ehtiyacımız var”, - Ayşa Abdulla deyir.

Kəndin əksər əhalisi qaçıb. Qalanlar isə döyüşmək üçün qalıblar.

Qapıdan Kalaşnikov avtomatı ilə üzünü yaylıqla örtmüş kişi görünür və özünü Əbu Bəndər Hadi kimi təqdim edir.

İslam Dövlətinin öz hakimiyyətinin qorxuducu sürətlə yayması onların yerli sünnilər tərəfindən dəstəklənməsi ilə izah olunur. Əbu Bəndərin əvvəl yaşadığı icması da parçalanıb, və bu ayırıcı xətt hətta bir çox ailələrdən keçib.

“Bizimkilərin yarısı indi İD ilədir. Onlar bizim qonşularımız. Yaxınlarımız olub, lakin İD-yə qoşulublar”, - o deyir.

Kürd döyüşçülərinin sözlərinə görə, əcnəbilərin İslam Dövlətində rolu düşünüldüyündən azdır.

“Ələ keçirdiyimiz yaraqlıların əksəriyyəti yerlilərdən olub”, - kürd “Asayiş” əks-kəşfiyyatının nümayəndəsi Sores Xani deyir.

Əlbəttə, istisna halları da olur. Xani, onun sözlərinə görə, öldürülmüş gənc səudiyyəlinin üstündən götürülən sənədi göstərir.

Bölgənin 4 ölkəsində yaşayan kürdlər öz müstəqil dövlətlərini yaratmaq arzsundadırlar.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Bölgənin 4 ölkəsində yaşayan kürdlər öz müstəqil dövlətlərini yaratmaq arzsundadırlar.

“Bütün əcnəbilər şəhid kəmərini bağlayıb və diri ələ keçmirlər”, - əks-kəşfiyyatçı söyləyir.

Suriya kürdləri sanki əbədi döyüşməyə düçardırlar. Əzəldən onlar özlərinə məxsus ərazilər arzusu ilə yaşayıblar.

Vətəndaş müharibəsi və Dəməşq rejiminin zəifləşməsi onlara çoxdan gözlənilən imkan vermişdi, lakin həmin zamanda yeni müsibət peyda olub. Və onlar nə desələr də, çətin ki, kənardan yardım olmadan amansız fanatiklərdən müdafiə oluna bilsinlər.