İD təhlükəsi: Strategiya qurmaq vaxtıdır

ABŞ təyyarəsi

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, ABŞ təyyarələri İraqda İslam Dövləti hədəfini vurandan sonra
    • Müəllif, PJ Crowley
    • Vəzifə, ABŞ Dövlət katibinin keçmiş müavini

Amerika prezidentləri bir qayda olaraq ictimai çıxışlarını əvvəlcədən yazılmış nitqlər əsasında, şəxsi mülahizələrini isə loru dildə edirlər.

Buna görə də ABŞ prezidenti laqeyd şəkildə "bizim hələlik İŞİD barədə strategiyamız yoxdur" deyəndə, bu geniş təəccübə və adətən olduğundan daha çox atmacalara səbəb oldu.

Belə səmimi olmağın müdrikliyi bir yana qalsın, prezident belə deməklə, əslində Amerika Birləşmiş Ştatlarının, daha çox köhnə İŞİD adı ilə tanınan İD-ə qarşı öz hərbi əməliyyatlarını İraqdan Suriyaya genişləndirib-genişləndirməyəcəyi barədə ehtimalları cavablandırmaq istəyirdi.

James Foley və Steven Sotloffun dəhşətli şəkildə başlarının kəsilməsi Suriyada vəziyyətin necə olduğunu göstərdisə də, prezident Obama Suriyada İŞİD-in üzərinə getməyə tələsməməkdə haqlı idi.

Elə bircə ona görə ki, İD də onun məhz belə etməsini istəyir.

Sotloffun edamını göstərən videodakı səs prezident Obamanı "geri çəkilməyə və xalqımızı dinc buraxmağa" çağırır.

Sotloff

Şəklin mənbəyi, epa

Şəklin alt yazısı, Steven Sotloff Suriyada itkin düşəndən sonra İslam Dövləti silahlıları tərəfindən qətlə yetirilib
James Foley

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Sotloffdan əvvəl jurnalist James Foley-nin də başının kəsilməsini göstərən video yayılmışdı

Onlar yeni xilafətin quruculuğunda hərəkətverici qüvvə kimi əl-Qaedanı sıxışdırıb çıxarmağa çalışsalar da (onlar çətin ki, bu işdə öz rəqiblərindən daha uğurlu ola bilsinlər), məqsədləri, belə görünür, İslamla Qərb arasında təsəvvür edilən müharibəni yenidən alovlandırmaqdır.

Amerikanın regional dəstək olmadan Suriyaya müdaxiləsi, 2003-cü ildə İraqa müdaxilə zamanı olduğu kimi cihadçılara kütləvi səfərbərlik imkanı kimi mükafat verərdi.

Birləşmiş Ştatlar İraqda İD üzərinə təzyiqi tədricən artırıb.

ABŞ-ın hava zərbələrinin köməyi ilə İraq təhlükəsizlik qüvvələri və kürd peşmərgəsi Mosul bəndi də daxil olmaqla, bəzi itirilmiş əraziləri geri alıb. Sotloff videosunda İD xüsusilə bu məqamı vurğulayır.

İD hələlik əhəmiyyətli oturaq qüvvədir və məhz onun İraq və Suriyada böyük əraziləri əldə saxlamaq və idarə etmək bacarığına görə, ABŞ müdafiə naziri Chuck Hagel bu təşkilatın hər hansı "terrorçu qrupdan daha güclü" olduğunu söyləyib.

İraqdakı hərbi əməliyyat səmərəli olsa da, növbəti həlledici addım siyasi olmalıdır. Bu siyasi addımın uğuru (hələlik formalaşmaqda olan) yeni hökumətin keçmiş baş nazir Nouri Malikinin səhvlərini düzəltməyə, məzhəblər arasında daha paylaşımlı idarəetməyə və ölkəni İD-ə qarşı birləşdirməyə nə dərəcədə qabil olmasından asılı olacaq.

Bunu əldə etməyin bir neçə yolları var. İraqın əyalətlərinə ağlabatan muxtariyyətin verilməsi, heç şübhəsiz faydalı ola bilər. Lakin bu məsələ iraqlıların özlərinin qərar verəcəyi bir məsələdir.

Regional konsensusun yaradılması

Suriya daha mürəkkəb bir məsələdir.

Burada strategiyanın olmamasını deməklə, prezident Obama, əslində Suriya üçün işlək və davamlı bir strategiyanın hələlik olmadığını söyləmək istəyib. Bu, onsuz da üç ildir ki, hiss olunurdu.

Şübhəsiz, bu məsələdə preziedentin özünün də səhv və yanılmalar payı var.

O prezident Bəşər əl-Əsədi hakimiyyətdən getməyə çağıranda haqlı idi, lakin onun özünümüdafiə qabiliyyətini və başqa ölkələrin, ələxüsus da Rusiyanın Suriya prezidentini hakimiyyətdə saxlamaq üçün nələrə hazır olduğunu düzgün qiymətləndirməmişdi.

O mötədil müxalifəti dəstəkləməkdə haqlı idi, lakin ən həlledici məqamda onlara kifayət qədər yardım göstərmədi.

Bir il əvvəl o, Suriyanın kimyəvi silahdan istifadə etməsinə cavab olaraq həlledici hərbi əməliyyatlara çağıranda haqlı idi, lakin tətiyi çəkməməklə, prezident Əsədin fürsətlənməsinə imkan verdi və nəticədə regionda ABŞ siyasətinin və qüdrətinin etibarlığı zərər çəkdi.

İraq və Suriyada İD

İD-in yaranması ciddi problemdir, lakin problemlərin yeganəsi və heç də ən mühümü deyil.

İraqlı döyüşçülər

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Mühasirə bitəndən sonra İslam Dövləti bayraqı tutan iraqlı şiə döyüşçüləri

Suriyaya daha geniş spektrdə baxmağı davam etdirmək mühümdür.

Bu həqiqətdir ki, İraqda, lakin həm də Suriyada mənalı hərəkət etmədən İD probleminin həlli yoxdur.

Bu da həqiqətdir ki, İD məsələsinin həlli Suriya məsələsinin həllini tələb edir. Bu isə o deməkdir ki, Əsədin və həm də İran və Rusiyanın oynadığı ziyanlı rollar nəzərə alınmalıdır.

Əsəd İD-in yüksəlməsində mərkəzi faktordur. O, problemin bir hissəsi olsa da, heç bir həllin heç bir hissəsi deyil.

Rusiya və İran problemdirlər, lakin İD-in özü də problemlərdən biridir. Deməli, bunlar məsələnin həlli üçün amil sayıla bilərlər.

Birləşmiş Ştatlar həmçinin regionun Səudiyyə Ərəbistanı və Qətər kimi başqa oyunçularının məqsədlərinə də diqqət yetirməlidir.

Suriyada regional konsensusun yaradılması vaxt tələb edəcək. Bunlarsız, Vaşinqtonda yaradılan heç bir strategiya uğurlu ola bilməz.

Hərəkət cəsarəti

Sotloff videosu bizim İD barəsindəki təsəvvürümüzü dəyişməyib. Əksinə, bəlkə bir az da artırıb.

döyüşçüilər

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, ABŞ deyib ki, kürd döyüşçülərə kömək məqsədilə havadan endirilən zərbələrin sayı məhdud olacaq

İD, ələxüsus da qərbliləri münaqişəyə çəkdiyinə görə Qərb üçün təhlükəlidir.

Təşkilatın hazırda Birləşmiş Ştatlara və ya hər hansı Avropa ölkəsinə birbaşa basqın qabiliyyətində və marağında olduğunu düşünməyə əsas yoxdur.

Bunlar zaman daxilində dəyişə bilər, lakin bu məsələlər təcili olsalar da, uyğun strategiyanın yaradılması və bu strategiyaya yardım edəcək müttəfiqlərin əldə olunması üçün hələ də vaxt var.

Prezident Obama Konqresdən də müəyyən xeyir-dua ala bilər.

Qarşıdan gələn bir neçə həftədə Konqres Birləşmiş Ştatların Suriya daxilində hərbi əməliyyatlarına icazə verə bilər. Əslində, Konqres bunu bir ildir ki, etmək istəyirdi.

Suriyada hava zərbələri müəyyən problemlərin həllinə kömək edə bilər.

Son nəticədə burada əsas məsələ cəsarət yox, elə strategiya məsələsidir.

PJ Crowley George Washington Universiteti Ictimai Diplomatiya və Qlobal Kommunikasiya İnstitutunun təcrübəçi professorudur