Rusiyadan seks kərtənkələləri orbitdə tələf olub

kərtənkələ

Şəklin mənbəyi, Thinkstock

Şəklin alt yazısı, Kərtənkələlər cinsi münasibətlərinin tədqiqi məqsədilə fəzaya göndərilmişdir

Rusiyanın kosmik peyki vasitəsilə seks sınağı məqsədilə orbitə göndərilmiş beş kərtənkələ tələf olub, Rusiya kosmik agentliyi bildirir.

Foton-M4 kosmik gəmisi bazar ertəsi yerə qayıdıb.

Ekspertlərin bildirdiyinə görə, isidici sistem sıradan çıxdığı üçün kərtənkələlər donmuş ola bilər, Rusiya xəbər agentliyi yazır.

Kərtənkələlər, havasızlıq şəraitinin onların cinsi münasibətlərinə təsirini öyrənmək məqsədilə fəzaya göndərilmişdi.

“Biz əminliklə deyə bilərik ki, onlar yerə enməzdən ən azı bir həftə əvvəl ölüb, çünki onların bədəninin bir hissəsi artıq mumyalaşmışdı,” Rusiya Tibb və Bioloji Problemlər İnstitunun rəsmisi İtar-Tass xəbər agentliyinə bildirib.

Rusiya kosmik agentliyi hələ ki, ölümün səbəbini açıqlamayıb.

Lakin missiya üzvlərindən birinə istinadən xəbər verən İnterfax xəbər agentliyi, ilkin məlumata görə, kərtənkələlərin peykin istilik sistemindəki nasazlıq ucbatından həlak olduğunu bildirib.

Ancaq peykdə səyahət edən Drosofila milçəkləri sağ qalıb və hətta çoxalıblar, Roskosmos bildirib.

Təcrübənin bir hissəsi kimi, peykdəki göbələk və bitki toxumları da nəzərdən keçirilib, çəkisizlik şəraitində metal qırıntıların əriməsi və bərkiməsi müşahidə edilib.

Altı ton çəkisi olan peyk iyulun 19-da fəzaya qalxıb və ilkin olaraq iki ay ərzində sınaqların həyata keçirilməsi nəzərdə tutulub. Lakin kosmik gəmi cəmi 44 gündən sonra yerə enib.

Fəzaya qalxandan az sonra Roskosmos, mühərrikdə yaranmış problemlərə görə Foton-M4-lə qısa müddət əlaqəni itirib.