Yoxa çıxan xalq: Myanmanın son erməniləri

Şəklin mənbəyi, mulbery leaves flickr

    • Müəllif, Andrew Whitehead
    • Vəzifə, BBC Dünya Xidməti, Yanqon

Həm də Birma kimi tanınan Myanmada ən qədim kilsələrdən biri varlığını qoruyub saxlamaq üçün çarpışır. Burada ibadətə gələnlərin sayı bəzən güclə beş-on nəfərə çatır. Lakin ölkənin xarici investisiyalara və turizmə açılması yeni ümidlər oyadıb.

Əvvəllər paytaxt Ranqun kimi tanınan Yanqondakı erməni kilsəsinin keşişi müqəddəs John Felix ata ermənicə danışa bilmir. Əslində, bura ibadətə gələnlər də erməni dilini bilmirlər. Düzü, gələnlər çox da deyil. Bazar günü səhər mənimlə birlikdə onların sayı 7 idi.

Bununla belə, 150 yaşlı kilsənin Yanqonun mərkəzindəki yeri əladır. Çox gözəl bir binadır. Bura gur şəhərdə sakitlik guşəsidir. Tacir küçəsində çox əlverişli şəkildə yerləşən Baptist Müqəddəs İohan erməni pravoslav kilsəsi, əslində şəhərin bir vaxtlar mövcud olmuş ticarət icmalarından salamat qalmış yeganə binadır.

“Əgər kilsənin qeydiyyat kitabına baxsaq, görərik ki, Birmada bir neçə yüz erməni ailəsi yaşayıb, lakin əsl “son erməni” ötən il vəfat edib. Ölkə boyunca qismən erməni olan 10 və ya 20 ailə var. Bir də kilsəyə gələn bir ovuc adam” – Felix ata deyir.

35 yaşlarında olan Rachel Minus keşişlə birlikdə ermənicə mahnı oxusa da, bu dildə danışa bilmir. O bura bazar günləri, həm də kilsə zənglərini çalan atası ilə birlikdə gəlir.

“Mənim babam əsl erməni idi və soyadımız erməni soyadı olan Minossian-dan gəlir. Biz qismən erməniyik, lakin bu kilsə və buradakı ibadət bizim üçün çox mühümdür” – deyir gənc qadın.

Percy Everard

Şəklin mənbəyi, Percy Everard

Şəklin alt yazısı, Percy Everard

Həmin bazar günü kilsəyə yalnız bir əslən erməni olan şəxs gəlmişdi. Percy Everard artıq neçə onillikdir ki, bu kilsəyə gəlir. Keşiş deyir ki, burada bağlanan son nikah bəlkə də onun toyunda olub. Amma bu o qədər çoxdan olub ki, indi heç kəs dəqiq vaxtını xatırlamır.

17-ci əsrin əvvəllərində ermənilərin çoxsaylı kütlələri Osmanlı İmperiyasından qaçaraq indiki İranın İsfahan əyalətində məskunlaşıb. Sonradan isə oradan bir çox erməni yenə də köç edərək Amsterdamdan Manilaya qədər uzanan ticarət şəbəkəsini formalaşdırıblar.

Onların Britaniya Hindistanındakı nüfuzu zirvə nöqtəsinə 19-cu əsrin sonlarında çatıb. Həmin vaxtın əhalini siyahıya alma rəqəmləri göstərir ki, Kəlküttə, Dəkkə və Ranqunda 1300 erməni yaşayıb.

Birmanın kral sarayına yaxın olmaları onlara, ələlxüsus da Ranqunun ticarət icmasında imtiyazlı status verib. Deyilənlərə görə hazırda kilsənin olduğu yeri də ermənilərə Birma kralının özü bağışlayıb.

“The Strand” də daxil olmaqla regionun ən prestijli otelləri mərkəzi Yanqondakı kilsənin bir neçə addımlığındadır. Hətta Sinqapurdakı məşhur Raffles otelinin də binasını ermənilər qoyublar.

Lakin bu kiçik erməni ucqarlarındakılar son əsrdə siyasi və iqtisadi sabitsizlik ucbatından xaricə, xüsusən də Avstraliyaya üz tutublar.

Tabe olduğu yepiskopluq minlərlə kilometr aralıda yerləşən John Felix öz kilsəsi ilə fəxr edən və ibadətə gələnlərin sayının tükənməsinə baxmayaraq çətinliklərə baş əyməyən, mehriban və həvəs dolu bir ruhani xadimdir.

Felix Yanqon kilsəsinin keşişliyini 30 illik rahiblikdən sonra üç il əvvəl vəfat etmiş atasından qəbul edib. Atası kimi o da əvvəlcə Anqlikan dini icmasına tabe olub, lakin sonradan pravoslav keşişliyinə keçib.

O Myanmada doğulub Birma dilində danışsa da, cənubi Hindistan əsillidir və beləliklə, kökləri ilə Yanqonu çiçəklənən ticarət qovşağına çevirmiş başqa bir mühacir icmasına bağlıdır.

Dünya kilsəsi

Chennai şəhərində erməni kilsəsi

Şəklin mənbəyi, mulbery leaves flickr

Şəklin alt yazısı, Chennai şəhərində erməni kilsəsi
  • Xristian dünyasının ən qədim məkanlarından biri olan Ermənistanda ilk kilsələr 4-cü əsrdə yaradılıb.
  • Ənənəyə görə Ermənistana xristian dinini apostollar Varfolomey və Faddey qəbul etdirib.
  • İndi Hindistan, Sinqapur, Uruqvay, Argentina, Efiopiya, İndoneziya, Svazilend, Avstraliya, ABŞ, Sudan, BƏƏ, Rumıniya və İtaliya da daxil olmaqla dünyanın bir çox ölkələrində erməni kilsələri var.

Felix ata binanın vəziyyətindən narahatdır. “Damın üç yerində su buraxan yarıqlar var və onları təcili təmir etmək lazımdır” – müqəddəs ata deyir.

Amma hər halda bu, bütün göstəriciləri ilə zərif, yaxşı baxılan kilsədir və Yanqonun zəngin müstəmləkə dövrü memarlığının nümunəsi kimi getdikcə daha çox turisti və beynəlxalq diqqəti cəlb edir.

Bazar günü ibadətləri pravoslav kilsəsinin qaydalarına tam uyğun şəkildə keçirilir – ikonalar, büxur (kilsə ətiri) və gələnlərin azlığına rəğmən kilsə mahnılarının ifası. Felix bir vaxtlar atasının mərasimlər zamanı geyindiyi kimi bəzəkli keşiş əbaları geyinmir, lakin pravoslavlığın bütün ənənələrinə riayət edir.

Bu pravoslav ənənələrə sadiqlik kilsənin salamat qalması üçün əsas amildir. Belə ki, bura demək olar, yox olub getmiş erməni icmasından başqa, həm də pravoslav xristianlığının bütün icmaları üçün ibadət evi ola bilir.

Artıq indinin özündə pravoslav ölkələrindən – Rusiyadan, Yunanıstan və Serbiyadan olan diplomatlar, iş adamları və turistlər bəzən Myanmanın ən böyük şəhərindəki Baptist Müqəddəs İohan kiləsinə baş çəkirlər.

İkinci Dünya müharibəsindən sonra Yangondakı erməni kilsəsi.

Şəklin mənbəyi, sharman minus

Şəklin alt yazısı, İkinci Dünya müharibəsindən sonra Yangondakı erməni kilsəsi.

Burada yeni ibadət edənlərdən biri də Rumıniyadan gəlmiş Ramona Tartadır. Bütün dünya boyunca biznesi olan naşir və mərasimlər təşkilatçısı Tarta son bir neçə ayı Yanqonda yaşayıb.

“Etiqadım mənim üçün çox mühümdür. Dünyanın harasında olsam, orada pravoslav kilsəsi axtarıram. Amma Yanqonda az qala ümidlərimi itirmişdim. Düşünürdüm ki, bura yaşadığım şəhərlər arasında pravoslav ibadət evinin olmadığı yeganə yerdir” – deyir Tarta.

O erməni kilsəsini buradan maşınla keçərkən təsadüfən görüb. Ramona Tarta deyir ki, bir azca reklam olunsa, bu tarixi bina və onun icra etdiyi mərasimlər öz gələcəyini təmin edər.

O inanır ki, bu kilsə pravoslavlığın bütün qanadlarına qucaq aça bilsə, daha çox ibadətçi toplaya və fəaliyyətini təzələyə bilər. O daha çox diqqət cəlb edilməsinin ilk addımı kimi kilsəyə həsr olunmuş Facebook səhifəsi açıb.

Myanma son əsrdə bir çox fəlakət və təlatümlərə meydan olub. Ölkə İkinci Dünya Müharibəsi zamanı yaponlar tərəfindən işğal edilib və regionun hər hansı başqa yerindən daha çox ehtiyaclara və dağıntıya məruz qalıb.

Bir çox ermənilər cəngəllik və meşələri yararaq müharibənin məşəqqətli cığırı ilə Britaniya Hindistanındakı nisbi sakitliyiə qovuşa biliblər. Kilsədəki xatirə lövhələrindən birində bu köç zamanı həyatını itirmiş bir erməni ailəsinin 13 üzvünün adları həkk olunub.

Birma Britaniyadan öz müstəqilliyini 1948-ci ildə, Hindistan və Pakistandan bir neçə ay sonra əldə edib. Bir neçə ilin ərzində hərbiyyə tərəfindən dəstəklənən hökumət ölkə sərhədlərindən xaricdəki aləmlə ticarət əlaqələrinin genişlənməsi üçün çox az iş görüb. 1988-ci ildə burada ordu tərəfindən demokratik hərəkatın boğulması ölkənin beynəlxalq aləmdən daha da təcrid olunmasına gətirib çıxarıb.

Şəklin mənbəyi, mulbery leaves flickr

Son bir neçə ildə Myanma daha geniş demokratiya istiqamətində hərəkət etməyə, qapılarını xarici biznes və investisiyalara daha geniş açmağa başlayıb. Bir vaxtlar Asiyanın ən beynəlxalq şəhəri yenidən öz qlobal əhəmiyyətini inkişaf etdirir.

Və kökləri ilə beynəlxalq ticarətin erkən dövrlərinə aid olan bu kilsə də qloballaşmadan yeni ruh ala bilər.