Rusiya embarqosundan zərər çəkən fermerlərə Aİ yardım edəcək

Şəklin mənbəyi, BBC World Service
Rusiyanın Qərb kənd təsərrüfatı məhsullarının idxalına tətbiq etdiyi qadağadan zərər çəkən avropalı istehsalçılara Avropa Komissiyası kompensasiya ödəmək niyyətindədir.
Bu məqsəd üçün 125 milyon avro (131 mln AZN) həcmində vəsaitin ayrıldığı bildirilir.
Embarqo nəticəsində satılmayan meyvə-tərəvəzin məktəb və xəstəxanalara pulsuz paylanması nəzərdə tutulur.
Ukraynaya görə ABŞ və Aİ sanksiyalarına məruz qalan Rusiya cavab addımı kimi Qərbdən idxal edilən bir çox ərzaq məhsullarına embarqo tətbiq edib.
Avropa Komissiyası kompensasiya məqsədilə kənd təsərrüfatı istehsalçılarına ödənişləri noyabr ayınadək davam etdirmək niyyətindədir.
Ödənişlər üçün vəsaitin aqrosektorda fövqəladə vəziyyətlərdə istifadə üçün nəzərdə tutulmuş 420 milyon avroluq fonddan götürüləcəyi nəzərdə tutulub.
Rusiya avqustun 7–dən Avropa, ABŞ, Kanada, Avstraliya və Norvecdən ət-balıq, süd, meyvə-tərəfvəz məhsulunun ixracına embarqo tətbiq edib.
Aİ-dən Rusiyaya təkcə meyvə eksportu ötən il 1.07 milyard avro (1.12 milyard AZN) təşkil edib.
Financial Times qəzetinin qeyd etdiyinə görə, Rusiya ərzaq embarqosu nəticəsində Litva, Polşa, Finlandiya və Danimarka yüz milyonlarla avro dəyərində itkiyə məruz qalıblar.




