İsrail Qəzza ilə atəşkəs xəbərini inkar edir

Şəklin mənbəyi, EPA
İsrailin xarici işlər naziri və Həmas Qəzzada İsraillə fələstinli döyüşçülər arasında atəşkəs razılaşması barədə məlumatı təkzib edib.
Avigdor Lieberman məlumatların "bu anda yanlış" olduğunu bildirib, Qəzzanı idarə edən Həmas isə deyib ki, Misirdə danışıqlar davam etməkdədir.
Daha əvvəl İsrail rəsmisi BBC-ə demişdi ki, barışıq cümə günü 06:00-dan (Bakı vaxtı ilə 08:00) qüvvəyə minəcək.
Doqquz gündür davam edən münaqişədə 227 fələstinli və bir israilli həlak olub.
Misir İsraillə Həmas arasında danışıqlarda vasitəçilik edir.
Daha əvvəl məlumat yayılmışdı ki, İsrail vasitəçiləri barışıq barədə yeni sazişə razılaşıb amma təklif İsrail kabineti tərəfindən təsdiq olunmayıb.
Amma Həmas sözçüsü Abu Zuhri AFP agentliyinə deyib: "Atəşkəs barədə məlumat yanlışdır. Səylər davam edir amma indiyədək heç bir razılaşma əldə edilməyib".
Cənab Lieberman isə İsrail mediasına bildirib: "Atəşkəs barədə məlumatlar heç də reallığı əks etdirmir. Baş nazirlə danışdım və bu anda məlumatlar yanlışdır".
"Faciəvi nəticə"
İsrail barışığa çərşənbə axşamı riayət edib, amma daha sonra raket atəşinə cavab olaraq silahlı hücumunu davam edib.
Çərşənbə günü Qəzzadakı şəhər çimərliyində İsrail tərəfindən açılan atəşlə dörd fələstinli uşaq öldürülüb.
İsrailin Müdafiə Nazirliyi hadisənin araşdırıldığını deyib. İlkin məlumatlara görə, İsrail gəmiləri tərəfindən "atəşin məqsədi Həmas terrorçuları" olub.
"Mülki əhali arasında itkilər zərbənin faciəvi nəticəsidir", nazirliyin bəyanatında deyilir.
İsrail Həmasın silahlı qanadına qarşı əməliyyatı iyulun 8-də başlayıb.
Onun elan olunmuş məqsədi İsrail ərazisinin raket atəşinə tutulmasının qarşısını almaqdır.
BMT-nin məlumatlarına görə, Qəzzada həlak olan sakinlərinin çoxu mülki şəxslərdir.




